Avropa İttifaqı Ukraynaya göstərdiyi maliyyə, iqtisadi və hərbi dəstəyi genişləndirməyə davam edir. Aİ Ukraynaya indiyədək ümumilikdə 200 milyard avro həcmində yardım ayırıb və yaxın illərdə əlavə 90 milyard avronun da Kiyevə yönəldilməsi planlaşdırılır.
Bizimyol.info xəbər verir ki, bu barədə Ursula fon der Leyen Ukraynanın bərpasına həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynaya ən böyük maliyyə dəstəyini göstərən tərəf olaraq qalır və ölkənin iqtisadi dayanıqlığının qorunması, dövlət institutlarının fəaliyyətinin davam etdirilməsi, eləcə də müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində yardımlarını davam etdirəcək.
“Avropa İttifaqı artıq Ukraynaya hərbi və iqtisadi yardım şəklində 200 milyard avro ayırıb. Bundan əlavə, 2026 və 2027-ci illər üçün daha 90 milyard avro vəsait hazırlanıb”, – deyə Fon der Lyayen bildirib.
Avropa Komissiyasının rəhbəri qeyd edib ki, Aİ üzv dövlətləri Ukraynanın müharibədən sonrakı bərpasını sürətləndirmək məqsədilə yeni maliyyə mexanizmləri üzərində də işləyirlər. Bu çərçivədə Ukraynaya özəl investisiyaların cəlb edilməsinə xidmət edəcək xüsusi fondun yaradılması nəzərdə tutulur.
Fon der Lyayenin sözlərinə görə, sözügedən fond beynəlxalq investorların və biznes qurumlarının Ukraynanın enerji, infrastruktur, sənaye və digər strateji sahələrinə sərmayə yatırmasını təşviq edəcək.
Aİ rəsmisi vurğulayıb ki, Ukraynanın yenidən qurulması uzunmüddətli proses olacaq və Avropa İttifaqı bu istiqamətdə Kiyevə dəstəyini davam etdirmək niyyətindədir.
Qadir, Bizimyol.info






