ABŞ Prezidenti Donald Trump Ukrayna Prezidenti Vladimir Zelenski haqqında müsbət fikirlər səsləndirərək onun Rusiya ilə müharibə şəraitində ölkəsinə uğurla rəhbərlik etdiyini bildirib.
Bizimyol.info xəbər verir ki, “The Guardian”ın məlumatına görə, Tramp jurnalistlərin suallarını cavablandırarkən Zelenskinin vəziyyətin öhdəsindən yaxşı gəldiyini vurğulayıb. O, Ukrayna liderini cəsarətli siyasətçi adlandıraraq, Ukrayna ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirib.
“Onun yaxşı hərbi texnikası, güclü döyüşçüləri və mübarizə aparan insanları var. Məncə, o, kifayət qədər yaxşı iş görür”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti eyni zamanda müharibənin hər iki tərəf üçün ağır itkilərlə müşayiət olunduğunu bildirib.
Son aylarda Vaşinqtonda Ukraynaya münasibətdə ritorikanın dəyişdiyi diqqət çəkir. ABŞ rəsmilərinin bir qismi artıq açıq şəkildə Ukraynanın müharibədə üstün mövqeyə malik olduğunu bildirir. Dövlət katibi Marko Rubio daha əvvəl Ukrayna ordusunu Avropanın ən güclü hərbi qüvvələrindən biri adlandırmışdı. Müdafiə naziri Pete Heqset isə Ukrayna qüvvələrinin müdafiə xəttini qorumaqda davam etdiyini vurğulamışdı.
Qərb mətbuatının yazdığına görə, Tramp son həftələrdə Ukraynaya əlavə dəstək imkanlarına daha müsbət yanaşır. Bildirilir ki, o, Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin verilməsi və bəzi Amerika raketlərinin istehsalı ilə bağlı lisenziyaların təqdim olunması variantlarını nəzərdən keçirir.
Müşahidəçilər hesab edirlər ki, Trampın son açıqlamaları ABŞ-ın Ukraynaya dəstək siyasətində yeni mərhələnin başlanğıcına işarə edə bilər.
Bizimyol.info






