Rusiya rəhbərliyi Ukrayna ilə mümkün sülh sazişinin əsas konturlarını müəyyən edib və bundan sonrakı addımın Qərbdən asılı olduğunu bildirib.
Bu barədə Ukraynanın sabiq baş naziri (2010–2014) Nikolay Azarov Rusiya mətbuatına müsahibəsində deyib.
“Rusiya rəhbərliyinin mümkün razılaşmanın çərçivələrini müəyyənləşdirməsi və sülhə hazır olduğunu bəyan etməsi, mənim fikrimcə, tamamilə real yanaşmadır. Bundan sonra isə mesaj belədir: “Buyurun, top artıq sizin meydançanızdadır””, – deyə Azarov bildirib.
Rusiya Prezidenti Vladimir Putin iyunun 23-də hökumət üzvləri ilə keçirilən müşavirədə bildirib ki, Rusiya Ukrayna ilə sülh danışıqlarını İstanbulda əldə olunmuş razılaşmalar əsasında aparmağa hazırdır.
Xatırladaq ki, 2022-ci ilin mart ayında İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar keçirilmişdi. Həmin görüşlərdə əldə olunan razılaşmalar sonradan həyata keçirilməyib. Mənbənin iddiasına görə, bunun səbəbi Ukrayna tərəfinin mövqeyi olub.
Bizimyol.info






