Futbol üzrə Dünya Çempionatında oyunların az qala yarısı keçirilib. Növbəti mərhələyə vəsiqə qazanan xeyli komandanın adına aydınlıq gəlib. Qrup mərhələsi yavaş-yavaş başa çatır. Ayrı-ayrı qitə təmsilçilərinə nə qədər rəğbət olsa da, Avropa komandaları yenə sözünü deyir. Burada Türkiyədən başqa hamının mərhələ adlamaq şansı qalıb.
Bizimyol.info xəbər verir ki, reqlamentə görə, 12 qrupda ilk iki yeri tutan ümumilikdə 24 komanda 1/16 final mərhələsinə vəsiqəni təmin edir. Qalan 8 vəsiqə ən yaxşı nəticə göstərmiş üçüncülərə qismət olur. İlk iki turdan sonra 6 xal toplamış Meksika, ABŞ, Almaniya, Fransa, Norveç, Argentina və Kolumbiya birinci məqsədin öhdəsindən gəlib. Dörd xal toplamış Kanada, İsveçrə, Braziliya, Mərakeş, Niderland, Yaponiya, Misir, İspaniya, Portuqaliya, İngiltərə, Qananın da mərhələ adladığını demək olar. Haiti, Panama, Türkiyə, Tunis, İordaniya mübarizəni dayandırıb. Yəni üçüncü turdakı istənilən nəticə onlara kömək olmayacaq.
Türkiyənin bu sırada olması böyük təəssüf doğurur. Arda Gülər, Hakan Çalhanoğlu, Kənan Yıldız, Fərdi Kadıoğlu kimi ulduzları olan komanda hər iki oyunu qolsuz məğlub olub. Türkiyə Paraqvayla görüşdə rəqib futbolçunun hakimin yerə düşmüş saatını qoluna taxmasına görə FİFA-ya şikayət etmişdi. Oyunun təkrar keçirilməsinə cüzi ümid yaranmışdı. Amma FİFA bu addımın oyunun nəticəsinə təsiri olmadığını əsas gətirərək, iddianı yaxına buraxmayıb.
Hesab edirik ki, azı 3 xal qazanmış komandalar da növbəti mərhələyə vəsiqə qazanacaq. Belə 9 komanda var. Yəni aşağı-yuxarı 5 vəsiqənin taleyinə aydınlıq gəlməlidir.
A qrupunda həm Çexiyaya, həm də Cənubi Afrikaya son turda qələbə sərf edir. Başqa nəticə bu komandaları evə yollayacaq. B qrupundakı Bosniya və Herseqovina – Qətər oyununun qalibi də vəzifənin öhdəsindən gəlmiş sayılacaq. E qrupunda Ekvador da, Kurasao da son turda rəqiblərini məğlub etməlidir ki, 1/16 final mərhələsində oynasın. G qrupunda vəziyyət qarışıqdır. Cəmi 2 xalı olan İran Misirlə qarşılaşır. Belçikanın (2 xal) Yeni Zelandiya (1 xal) ilə haqq-hesab çəkməsi də böyük maraq doğurur. Bu üç komandadan ikisinin mərhələ adlamaq şansı var.
Oxşar vəziyyət H qrupunda da yaranıb. Uruqvay (2 xal) İspaniyanı məğlub etməlidir. Son turda Səudiyyə Ərəbistanı (1 xal) ilə qarşılaşan Kabo-Verdeyə (2 xal) heç-heçə də sərf edə bilər. I qrupunun xalsızları – Seneqalla İraqın qarşılaşmasında afrikalılar güclü görünür. K qrupunda Konqo DR – Özbəkistan görüşündə də qalib növbəti mərhələ haqda düşünə bilər. Bura qədər afrikalılar 1 xal toplaya bilib.
1/16 final mərhələsinin oyunları iyunun 28-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Aytən, Bizimyol.info






