Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zeynəb Əyyubova: “Mübahisənin kökündə münasibətlər, qısqanclıq və emosional gərginlik dayanıb”
Zeynəb Əyyubova: “Mübahisənin kökündə münasibətlər, qısqanclıq və emosional gərginlik dayanıb”

İsmayıllıda həmkəndlisi Rəvan Quliyevi döyərək ona ağır xəsarətlər yetirən 2009-cü il təvəllüdlü Zamiq Abdullayevin (ad-soyadlar şərti verilib-red.) məhkəmə prosesi başa çatıb.

Bizimyol.info xəbər verir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, məhkəmənin hökmünə əsasən, qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunan məktəbli 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə prosesi ötən günlərdə başa çatsa da, Zamiq bu cinayəti törədərkən onun 15 yaşında və məktəbin 9-cu sinif şagirdi olub.

Məlum olub ki, tərəflərin mübahisəsi zərərçəkənin ondan sevdiyi qızla eyni partada oturmamasını, sinifdə yerini dəyişərək başqa yerdə əyləşməsini tələb etməsindən sonra başlayıb.

Məktəbdən kənarda, Kürdmaşı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasının yaxınlığında tərəflərin mübahisəsi yaşanıb və bu zaman Zamiq özündən 7 yaş böyük olan Rəvanla dalaşıb, ona həyatı üçün təhlükəli olan ağır xəsarətlər yetirib.

Zamiq ifadəsində bildirib ki, o, müəllimdən sinifdə yerini dəyişməsini xahiş etsə də, buna nail ola bilməyib. Rəvan isə həmin qızı sevdiyini, gələcəkdə evlənmək niyyətində olduğunu, lakin qarşı tərəfin valideynlərinin buna qarşı çıxdığını bildirib.

Onu da deyək ki, Zamiq Abdullayev barəsində məhkəmə hökmünə qədər barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

  • O yaşlarda sevgi olurmu?
  • Belə halların qarşısının alınması və təhlükəli nəticələrin yaranmaması üçün hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, burada əsas məqam sevginin özü deyil, emosiyaların idarə olunmasıdır:

Əvvəlcə onu deyim ki, “o yaşda sevgi olmaz” fikri psixologiyada qəbul edilən yanaşma deyil. Yeniyetməlik dövründə insanın həm bioloji, həm emosional, həm də sosial inkişafında ciddi dəyişikliklər baş verir. Qarşı cinsə maraq, bəyənmə, vurğunluq, romantik hisslər və sevgi bu inkişafın təbii hissəsidir. Bəzən böyüklər yeniyetmələrin hisslərini ciddi qəbul etmirlər və bunu sadəcə ötəri maraq hesab edirlər. Halbuki yeniyetmə həmin hissləri böyüklər qədər real və dərin yaşaya bilir. Lakin burada əsas məqam sevginin özü deyil, emosiyaların idarə olunmasıdır. Yeniyetməlik dövründə insan hələ emosional özünüidarəetmə bacarıqlarını tam formalaşdırmayıb. Bu səbəbdən qısqanclıq, rəqabət hissi, rədd edilmə qorxusu və ya özünü təsdiqləmək istəyi daha kəskin formada ortaya çıxa bilər. Bəzən böyüklərə çox adi görünən bir hadisə yeniyetmənin gözündə həyatının ən vacib məsələsinə çevrilir”.

Zeynəb Əyyubova vurğulayıb ki, ilk növbədə ailədə açıq ünsiyyət mühiti yaradılmalıdır: “Hadisənin təfərrüatlarından da görünür ki, mübahisənin kökündə münasibətlər, qısqanclıq və emosional gərginlik dayanıb. Burada diqqətçəkən məqam odur ki, tərəflər arasında yaranan emosional konflikt sağlam şəkildə həll olunmayıb və nəticədə fiziki zorakılığa çevrilib. Əslində problem sevgi deyil, konfliktin idarə edilməməsidir. Bu cür hadisələrin qarşısını almaq üçün ilk növbədə ailədə açıq ünsiyyət mühiti yaradılmalıdır. Uşaqlar və yeniyetmələr hisslərini valideynləri ilə rahat bölüşə bilməlidirlər. Təəssüf ki, bəzi ailələrdə sevgi, münasibətlər və emosional problemlər haqqında danışmaq qadağan və ya ayıb mövzu kimi qəbul edilir. Nəticədə yeniyetmə yaşadığı hisslərlə tək qalır və çıxış yolunu düzgün seçə bilmir”.

Zeynəb Əyyubovun sözlərinə görə müəllimlər və psixoloqlar şagirdlər arasında davranışlara vaxtında müşahidə edib müdaxilə etməlidirlər: “Məktəblərin də burada mühüm rolu var. Məktəbdə yalnız akademik biliklərin deyil, emosional intellektin, ünsiyyət bacarıqlarının və münaqişələrin həlli yollarının da öyrədilməsi vacibdir. Şagirdlər bilməlidirlər ki, qəzəb, qısqanclıq və ya inciklik hiss etmək normaldır, amma bu hissləri zorakılıqla ifadə etmək yolverilməzdir.

Başqa vacib məsələ məktəb psixoloqlarının fəaliyyətidir. Müəllimlər və psixoloqlar şagirdlər arasında uzun müddət davam edən gərginlikləri, aqressiv davranışları və konfliktləri vaxtında müşahidə edib müdaxilə etməlidirlər. Erkən müdaxilə bir çox hallarda ağır nəticələrin qarşısını ala bilir”.

Mən hesab edirəm ki, bu hadisədən çıxarılmalı olan əsas nəticə yeniyetmələrin hisslərini kiçiltməməkdir. Onların yaşadığı emosiyalar realdır və diqqət tələb edir. Əgər biz uşaqlara və yeniyetmələrə hisslərini ifadə etməyi, rədd cavabını qəbul etməyi, qəzəbi idarə etməyi və mübahisələri sivil yolla həll etməyi öyrətsək, gələcəkdə bu cür ağır nəticələrə gətirib çıxaran hadisələrin sayı əhəmiyyətli dərəcədə azalacaq.

Heç bir sevgi, heç bir münasibət və heç bir emosional konflikt insan sağlamlığına və həyatına zərər verməyə əsas vermir. Yeniyetmələrə verilməli olan ən vacib mesaj da məhz budur”, – deyə psixoloq əlavə edib.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »