Beynəlxalq gəmiçilik şirkətlərinin sahibləri ABŞ və İran arasında əldə oluna biləcək razılaşmanın Tehran tərəfindən Hörmüz boğazından keçən gəmilər üçün ödəniş tətbiqi ilə nəticələnə biləcəyindən ehtiyat edirlər.
Bizimyol.info xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat verib.
Nəşr məsələ ilə tanış mənbələrə istinadən yazır ki, tərəflər arasında müzakirə olunan sənədlərdə yer alan bəzi müddəalar “60 gün ərzində Hörmüz boğazından istifadəyə görə ödəniş tətbiq edilməsinə və indiyədək pulsuz hesab olunan beynəlxalq su yolunda yeni idarəetmə rejiminin formalaşdırılmasına yol aça bilər”.
Məlumata görə, razılaşma çərçivəsində İran Oman və digər Körfəz ölkələri ilə boğazın gələcək idarə olunması və burada göstərilən dəniz xidmətləri ilə bağlı danışıqlar aparmalıdır.
Nəşr qeyd edir ki, Hörmüz boğazında keçid haqqının tətbiqi cəhdləri region ölkələrinin ciddi müqaviməti ilə qarşılaşa bilər. Xüsusilə Səudiyyə Ərəbistanı və BƏƏ-nin, eləcə də beynəlxalq gəmiçilik təşkilatlarının boğazın beynəlxalq su yolu statusunun qorunmasında israrlı olduqları bildirilir.
İran Xarici İşlər nazirinin müavini Kazem Qaribabadi isə məsələ ilə bağlı açıqlamasında bildirib ki, Tehran Hörmüz boğazından keçidə görə deyil, yalnız göstərilən xidmətlərə görə ödəniş almağı planlaşdırır.
Onun sözlərinə görə, İran Omanla birlikdə bölgədə gəmilərə müxtəlif xidmətlər göstərir və məqsəd həmin xidmətlərin maliyyələşdirilməsidir. Bu xidmətlərə naviqasiya dəstəyi, axtarış-xilasetmə əməliyyatları, təhlükəsizlik tədbirləri, gəmiçiliyin qorunması, eləcə də ekoloji xidmətlər – xüsusilə mümkün çirklənmələrin aradan qaldırılması daxildir.
Qaribabadi vurğulayıb ki, bu addımlar beynəlxalq dəniz hüququna zidd deyil. O qeyd edib ki, 1982-ci il BMT-nin Dəniz Hüququ Konvensiyasında sahilyanı dövlətlərin müəyyən xidmətlər müqabilində ödəniş ala bilməsi nəzərdə tutulur.
Ekspertlər hesab edirlər ki, Hörmüz boğazı dünya enerji tədarükü baxımından strateji əhəmiyyət daşıdığı üçün burada tətbiq olunacaq istənilən yeni qaydalar qlobal neft bazarına və beynəlxalq ticarətə ciddi təsir göstərə bilər. Dünya üzrə neft daşımalarının əhəmiyyətli hissəsi məhz bu boğaz vasitəsilə həyata keçirilir.
Bizimyol.info






