Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zvartnotsdan Gümrüyə: Ermənistanda Rusiyanın izləri azalır
Zvartnotsdan Gümrüyə: Ermənistanda Rusiyanın izləri azalır

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO ilə Ermənistan arasında hərbi əməkdaşlığın genişlənməsi ilə bağlı narahatlıq doğuran açıqlama verib.

O, NATO-nun Ermənistan hərbçilərinə Rusiya əleyhinə döyüş əməliyyatları üzrə təlimlər keçdiyini bildirib və bu prosesin regionda təhlükəsizlik risklərini artırdığını qeyd edib.

Zaxarova vurğulayıb ki, Moskva bu əməkdaşlığı diqqətlə izləyir və baş verənlərə həssas yanaşır.

  • Ermənistanı Ukraynanın taleyi gözləyirmi?

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Nikol Paşinyan Ermənistanda ilk dəfə baş nazir olandan sonra mətbuatda belə iddialar yayılırdı ki, Soros Fondu vasitəsilə Paşinyan və onun komandası hakimiyyətə gəlib.

Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanın siyasi xəttində dəyişikliklər müşahidə olunmağa başladı və ölkənin tədricən Qərb yönümlü siyasətə keçidi gündəmə gəldi. Politoloq qeyd edib ki, bu proses Ermənistan ərazisində Rusiyanın təsirinin mərhələli şəkildə zəifləməsi ilə paralel şəkildə inkişaf edib.

Elşad Həsənov bu kontekstdə ilk dəyişikliklərin İrəvanın ən böyük hava limanı olan Zvartnotsda özünü göstərdiyini deyib.

Onun sözlərinə görə, əvvəllər həmin hava limanında Rusiya sərhədçiləri xidmət aparırdı və sənədlərə onların möhürü vurulurdu. Daha sonra bu qayda ləğv olundu.

Politoloq əlavə edib ki, əvvəlki dövrlərdə Türkiyə və İranla sərhədlərdə də Rusiya sərhədçiləri buraxılış-nəzarət məntəqələrində xidmət göstərirdilər. Lakin Paşinyan hakimiyyəti dövründə bu sistem də dəyişdirilib və hazırda həmin məntəqələrdə Ermənistan sərhədçiləri xidmət aparır.

“Yəni bacardığını etdi. Ancaq bildiyimiz kimi, Rusiyanın Gümrü şəhərində 102-ci hərbi bazası qalır, hardasa 4000 civarında hərbi qulluqçusu var”, – deyə politoloq bildirib.

Onun fikrincə, Ermənistan, ümumilikdə isə, Cənubi Qafqaz uzun müddət Rusiyanın təsir dairəsində olub və Ermənistan faktiki olaraq Rusiyanın “forpostu” kimi çıxış edib.

Elşad Həsənovun sözlərinə görə, Rusiya müxtəlif dövrlərdə Ermənistanı öz geosiyasi məqsədləri üçün istifadə edib və əvvəlki rəhbərliklər də Moskvanın göstərişlərinə daha çox əməl ediblər.

Politoloq əlavə edib ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Qərbin dəstəyinə və maliyyə imkanlarına arxalanaraq Rusiyadan uzaqlaşma siyasəti yürütməyə başlayıb və bu istiqamətdə addımlar mərhələli şəkildə davam etdirilir.

“İyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində Rusiya ciddi təsir göstərməyə çalışdı, öz emissarlarını ora göndərdi, böyük maliyyə dəstəyi göstərdi və beləliklə də onların adamları müəyyən səslər toplayaraq parlamentə düşdülər. Hər biri Rusiyanın layihələridir”, – deyə o qeyd edib.

Politoloqun fikrincə, Paşinyan da bu reallığı nəzərə alaraq həmin qüvvələrə qarşı müəyyən siyasi və inzibati addımlar atmağa çalışır. O həmçinin bildirib ki, Ermənistan paralel olaraq Qərb ölkələri, xüsusilə ABŞ və NATO üzv dövlətləri ilə əməkdaşlığı gücləndirir və birgə hərbi təlimlər keçirir.

“Bu da doğrudan da Rusiyada qıcıq doğurur, çünki Rusiya artıq görür ki, Ermənistan onların təsir dairəsindən çıxıb, Qərb yönümlü siyasət aparır. Zaxarovanın dili ilə desək, onları təlimləndirirlər ki, gələcəkdə Rusiyaya qarşı döyüşsünlər”, – deyə politoloq bildirib.

Bununla belə, Elşad Həsənov hesab edir ki, Ermənistanın Rusiya ilə hərbi qarşıdurma aparmaq gücü yoxdur.

Onun fikrincə, hazırda gedən geosiyasi proseslər Ermənistanın Rusiyadan daha güclü himayədar axtarışı üzərində qurulub: “Artıq bunu da onlar ediblər – Qərbin timsalında, həm də Amerikanın timsalında biz bunu görürük. Bu mənada Rusiyanın təşvişi başa düşüləndir. Rusiya artıq apardığı siyasət nəticəsində ona normal münasibət bəsləyən ölkələri də özündən uzaqlaşdırır”.

Politoloq əlavə edib ki, Rusiyanın SSRİ-ni bərpa etmək cəhdləri, Ukraynaya müdaxiləsi və davam edən müharibə fonunda bölgədə digər ölkələrdə də narahatlıq artıb: “Bütün bunları görən digər respublikalar da Rusiyanın hansı siyasət yeritdiyini dərk edərək ondan uzaqlaşırlar. Bu da təbiidir”.

Sonda o bildirib ki, Rusiyanın hazırkı gücünün zəifləməsi müşahidə olunur: “Rusiya Ermənistan ərazisində Ukraynada olduğu kimi hərbi əməliyyat aparmaq gücündə deyil. Çünki belə bir addım atarsa, Qərb və NATO ölkələri ciddi reaksiyalar verə bilər”.

Politoloqun fikrincə, Ermənistanı Ukraynanın taleyi gözləmir. Onun qənaətinə görə, Rusiyanın gələcək taleyi ilə bağlı isə artıq ciddi suallar yaranır: “Rusiya tənəzzüldədir, iqtisadiyyatı çökür və hazırkı siyasət davam edərsə, gələcək illərdə daha ciddi daxili və geosiyasi problemlərlə üzləşə bilər”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »