BMT-nin Baş katibi Antonio Quterreş Haitiyə yardım məqsədilə beynəlxalq ictimaiyyəti kifayət qədər səfərbər edə bilmədiyini etiraf edib.
Bizimyol.info xəbər verir ki, o, bu açıqlamanı 17 iyunda Port-o-Prensə etdiyi səfər zamanı keçirilən mətbuat konfransında verib. Quterreş ölkədə son illərdə dərinləşən təhlükəsizlik böhranına diqqət çəkərək vəziyyətdən ciddi narahatlıq ifadə edib.
“Beynəlxalq ictimaiyyəti səfərbər edə bilmədiyim üçün üzr istəyirəm”, – deyə o bildirib. Baş katib Haiti xalqının böyük əzablar yaşadığını qeyd edərək, qurbanların yaxınlarından üzr istəyib.
BMT rəsmisinin sözlərinə görə, 2026-cı il üçün Haitiyə nəzərdə tutulan 880 milyon dollarlıq humanitar yardım planı hələlik tələb olunan vəsaitin dörddə birindən azını alıb. O vurğulayıb ki, ölkədə ən azı 1,5 milyon insan zorakılıq səbəbindən evlərini tərk etməyə məcbur qalıb, əhalinin təxminən yarısı isə ciddi ərzaq çatışmazlığı ilə üzləşib.
Quterreş bildirib ki, Haiti xalqı üçün hər gün sağ qalmaq uğrunda mübarizəyə çevrilib və beynəlxalq ictimaiyyət bu böhrana laqeyd qala bilməz. Onun sözlərinə görə, belə bir vəziyyətdə susqunluq “ən böyük biabırçılıqdır”.
Səfər zamanı o, Haiti Baş naziri Aliks Didier Fils-Aime ilə həmrəylik ifadə edib və ölkədəki vəziyyətlə yaxından tanış olub. Quterreş səfər çərçivəsində təhlükəsizlik səbəbilə zirehli avtomobildə hərəkət edərək “Vertyer” düşərgəsini də ziyarət edib.
Məlumata görə, burada yerləşən və BMT mandatı xaricində fəaliyyət göstərən beynəlxalq “Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Qüvvələri”nin sayı 1000 nəfərdən azdır. Bu qüvvələrə Qvatemala, Monqolustan, El Salvador, Çad və Yamaykadan hərbçilər daxildir.
Haiti 2021-ci ildə prezident Jovenel Moüsenin öldürülməsindən və dağıdıcı zəlzələdən sonra ciddi təhlükəsizlik böhranı ilə üzləşib. Ölkənin böyük hissəsi silahlı dəstələrin nəzarətindədir və zorakılıqlar nəticəsində minlərlə insan həyatını itirib.
Bizimyol.info






