Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bildirib ki, Rusiyanın Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı mövqeyində dəyişiklik yoxdur.
Bizimyol.info xəbər verir ki, Fidan bu fikirləri “Türkiyə” qəzetinə müsahibəsində Rusiyaya 16–17 iyun tarixlərində etdiyi ikitərəfli səfərin nəticələrini şərh edərkən səsləndirib. Onun sözlərinə görə, Rusiya rəsmiləri müəyyən prinsiplər çərçivəsində öz yanaşmalarını qoruyur və konstruktiv dialoqa açıq qalırlar.
“Onlar ölkələrinin rifahını müəyyən prinsiplər çərçivəsində müdafiə edirlər və konstruktiv yanaşmaya hazırdırlar. Rusiya rəsmiləri ilə təmaslarım zamanı Ukrayna məsələsinə baxışlarının dəyişmədiyini müşahidə etdim”, – deyə Fidan qeyd edib.
Türkiyəli nazir daha əvvəl də Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həll olunacağına ümid etdiyini bildirib və Ankara tərəfinin bu prosesə hərtərəfli dəstək verməyə hazır olduğunu vurğulayıb. O, mümkün növbəti danışıqların təşkilinə dəstək göstərməyə hazır olduqlarını qeyd edib.
Səfər çərçivəsində Sergey Lavrov, Ukrayna üzrə danışıqlarda Rusiya tərəfinin nümayəndəsi Vladimir Medinski, həmçinin Sergey Şoyqu ilə görüşlər keçirilib.
Bundan əlavə, Fidan Aleksandr Bortnykov, Sergey Narışkin və Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Kostuyukov ilə də müzakirələr aparıb. Eyni zamanda İqor Levitin ilə də görüş baş tutub.
Görüşlərdə Rusiya–Türkiyə ikitərəfli münasibətləri, regional təhlükəsizlik və Ukraynadakı vəziyyətin diplomatik həll perspektivləri müzakirə olunub.
Bizimyol.info






