ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens hesab edir ki, hətta Ukraynanın ən qatı tərəfdarları belə artıq Vaşinqtonun bu ölkəyə hərbi və maliyyə dəstək imkanlarının məhdud olduğunu qəbul etməyə başlayıblar.
Bizimyol.info xəbər verir ki, bu barədə fikirlər onun ABŞ-da 15 iyunda satışa çıxarılan “Communion: Finding My Way Back to Faith” (“İman yoluma qayıdışım”) adlı yeni kitabında yer alıb.
Vens kitabında 2024-cü ildə Münhen Təhlükəsizlik Konfransında iştirak etdiyi dövrü xatırladaraq ABŞ siyasi rəhbərliyinin Ukrayna müharibəsinə yanaşmasını detallı şəkildə təsvir edir. Onun sözlərinə görə, həmin dövrdə əsas yanaşma ondan ibarət idi ki, ABŞ-ın Ukraynaya dəstək imkanlarının məhdudluğunu etiraf etmək siyasi baxımdan çətin qəbul edilirdi.
O qeyd edir ki, belə bir etiraf ABŞ-ın Ukrayna ilə Rusiya arasında mövcud olan hərbi güc fərqini təkbaşına aradan qaldıra bilmədiyini, həmçinin Vaşinqtonun istənilən münaqişənin gedişinə tam nəzarət etməsinin mümkün olmadığını qəbul etmək demək idi. Vensin fikrincə, bu reallığın etirafı bəzi siyasətçilər üçün onların uzun illər formalaşdırdığı mövqelərin iflası kimi görünürdü.
O dövrdə ABŞ senatoru kimi fəaliyyət göstərən Vens həmçinin vurğulayıb ki, o, ABŞ-ın resurslarını bir çox qanunvericidən daha məhdud qiymətləndirirdi və bu barədə daha realist yanaşmanın vacib olduğunu düşünürdü.
Kitabda Vens yalnız xarici siyasət mövzularına toxunmur, həm də şəxsi həyatından bəhs edərək katolikliyə keçid prosesini və dini inancların onun siyasi baxışlarının formalaşmasına təsirini izah edir.
Bizimyol.info






