Böyük Yeddilik (G7) ölkələri enerji resurslarının təchizat marşrutlarının şaxələndirilməsinin sürətləndirilməsinin və Hörmüz boğazından asılılığın azaldılmasının tərəfdarı olduqlarını bildiriblər.
Bizimyol.info xəbər verir ki, bu barədə Fransada keçirilən sammit iştirakçılarının geosiyasi məsələlərə dair birgə bəyanatında qeyd olunub.
Sənəddə deyilir: “Biz qlobal həssaslığı azaltmaq üçün enerji təchizatı marşrutlarının şaxələndirilməsini sürətləndirməyə sadiqik, bu həssaslıq Hörmüz boğazı ilə bağlıdır”.
Eyni zamanda vurğulanır ki, beynəlxalq ticarətin əsasını “gəmilərin heç bir məhdudiyyət və ya rüsum olmadan sərbəst keçid hüququ” təşkil edir. Bəyanatda qeyd olunur ki, Fransa və Böyük Britaniyanın rəhbərliyi ilə həyata keçirilə biləcək “müstəqil beynəlxalq müdafiə təşəbbüsü” Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verə bilər.
Böyük Britaniya daha əvvəl bildirmişdi ki, Fransa ilə birlikdə minaların təmizlənməsinə fokuslanan “müdafiə xarakterli müstəqil çoxtərəfli missiya” çərçivəsində Hörmüz boğazında gəmiçiliyin bərpasında iştirak etməyə hazırdır.
Bizimyol.info






