Son on il ərzində qızıl beynəlxalq maliyyə bazarlarının ən çox diqqət çəkən aktivlərindən birinə çevrilib. Əgər 2015–2016-cı illərdə bir unsiya qızılın qiyməti 1 100–1 300 ABŞ dolları intervalında dəyişirdisə, 2026-cı ilin yanvar ayında rekord səviyyəyə çataraq 5 600 ABŞ dolları civarında olub. Hazırda isə qiymətlər 4 000 ABŞ dolları həddini keçib.
Bu dinamika təsadüfi bazar hərəkəti deyil. Qızılın son on ildəki yüksəlişi beynəlxalq iqtisadi və geosiyasi sistemdə baş verən dərin dəyişikliklərin nəticəsidir.
Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Əli Səlimov danışıb.
O deyib ki, ənənəvi olaraq qızıl “təhlükəsiz liman” aktivlərindən biri hesab edilir. İnvestorlar maliyyə bazarlarında qeyri-müəyyənlik artdıqda, müharibə riskləri yüksəldikdə və ya iqtisadi böhran ehtimalları gücləndikdə vəsaitlərini qızıla yönəltməyə üstünlük verirlər. Son on ildə isə belə risklərin sayı azalmayıb, əksinə, ardıcıl şəkildə artıb.
İqtisadçının sözlərinə görə, 2010-cu illərin ikinci yarısından başlayaraq, dünya iqtisadiyyatında yeni geosiyasi rəqabət mərhələsi başlayıb. ABŞ və Çin arasında ticarət müharibələrinin dərinləşməsi, texnologiya və enerji sahəsində rəqabətin artması beynəlxalq iqtisadi münasibətlərdə qeyri-müəyyənliyi yüksəldib. Bir çox investorlar qlobal iqtisadi artımın zəifləyəcəyini gözləməyə başlayıblar. Bu isə qızıl bazarına əlavə kapital axını yaradıb.
O bildirib ki, qızılın qiymətinin yüksəlişində əsas dönüş nöqtəsi 2020-ci ildə COVID-19 pandemiyası olub. Pandemiya nəticəsində dünya iqtisadiyyatı son onilliklərin ən ciddi sarsıntılarından biri ilə üzləşib. Hökumətlər iqtisadiyyatı dəstəkləmək üçün trilyonlarla dollar həcmində maliyyə paketləri açıqlayıb, mərkəzi banklar faiz dərəcələrini minimum səviyyəyə endirib və bazarlara böyük həcmdə likvidlik daxil edib.
Beynəlxalq maliyyə sistemində pul kütləsinin sürətlə artması inflyasiya risklərini gücləndirib. Tarixən inflyasiyadan qorunma vasitəsi kimi qəbul edilən qızıl bu dövrdə investorların əsas seçimlərindən birinə çevrilib.
Pandemiyanın yaratdığı iqtisadi nəticələr hələ tam aradan qalxmamışdı ki, 2022-ci ildə Rusiya–Ukrayna müharibəsi başlayıb. Bu müharibə təkcə iki ölkə arasında hərbi qarşıdurma deyil, həm də beynəlxalq iqtisadi sistemə ciddi təsir göstərən hadisə olub. Enerji bazarlarında qiymətlər sürətlə yüksəlib, təchizat zəncirlərində problemlər yaranıb və dünya iqtisadiyyatında inflyasiya təzyiqləri daha da güclənib.
Müharibənin maliyyə bazarları üçün ən mühüm nəticələrindən biri risk qavrayışının dəyişməsi olub. İnvestorlar və dövlətlər ilk dəfə olaraq görüb ki, geosiyasi qarşıdurmalar maliyyə aktivlərinə birbaşa təsir göstərə bilir. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar və ölkənin xarici ehtiyatlarının bir hissəsinin dondurulması bir çox dövləti ehtiyat siyasətlərinə yenidən baxmağa vadar edib. Nəticədə dünyanın müxtəlif ölkələrinin mərkəzi bankları qızıl alışlarını əhəmiyyətli dərəcədə artırmağa başlayıb.
İqtisadçı hesab edir ki, son illərdə qızılın qiymət artımının arxasında təkcə fərdi investorlar deyil, həm də dövlətlər dayanır. Mərkəzi banklar beynəlxalq valyuta ehtiyatlarını daha təhlükəsiz və siyasi risklərdən daha az asılı etmək üçün qızıl ehtiyatlarını artırırlar. Bu tendensiya xüsusilə inkişaf etməkdə olan ölkələrdə daha aydın müşahidə olunur. Beləliklə, qızıl bazarında tələbin mühüm hissəsi artıq investorlardan deyil, dövlətlərin özlərindən formalaşır.
O qeyd edib ki, son dövrlərdə bazarların diqqəti Yaxın Şərqə yönəlib. İran, İsrail və ABŞ arasında baş verən qarşıdurmalar yeni geosiyasi risk dalğası yaradıb. Beynəlxalq maliyyə bazarları üçün əsas narahatlıq münaqişənin regiondan kənara yayılması ehtimalı olub. Xüsusilə Hörmüz boğazı ətrafında vəziyyət enerji bazarları üçün ciddi təhlükə yaradıb. Dünya neft ticarətinin mühüm hissəsi bu marşrutdan keçdiyi üçün regionda baş verən genişmiqyaslı hərbi eskalasiya enerji qiymətlərinin kəskin bahalaşmasına səbəb olub və bazarlar hələ də tam şəkildə özünü toparlaya bilməyib.
İqtisadçı vurğulayıb ki, tarix göstərir: enerji qiymətlərinin yüksəlməsi əksər hallarda inflyasiyanı artırır. İnflyasiyanın yüksəlməsi isə öz növbəsində qızılın cəlbediciliyini artırır. Bu baxımdan İran–İsrail qarşıdurması qızıl bazarı üçün əlavə dəstək faktoru kimi çıxış edir. Son aylarda müşahidə olunan qiymət artımlarının mühüm hissəsi məhz bu geosiyasi risklərlə əlaqələndirilir.
Əli Səlimovun fikrincə, qızılın son on ildəki dinamikasını qiymətləndirərkən daha bir vacib məqam nəzərə alınmalıdır. Əksər investisiya alətləri iqtisadi artım dövrlərində yüksək gəlir gətirsə də, böhran və qeyri-müəyyənlik dövrlərində ciddi dəyər itkiləri ilə üzləşə bilər. Qızıl isə əksər hallarda əks istiqamətdə hərəkət edir. Bu səbəbdən peşəkar investorlar qızılı yüksək gəlir əldə etmək üçün deyil, riskləri azaltmaq və kapitalı qorumaq üçün istifadə edirlər.
Bununla belə, qızılın da müəyyən çatışmazlıqları var. O bildirib: “Qızıl dividend ödəmir, faiz gəliri yaratmır və uzunmüddətli iqtisadi yüksəliş dövrlərində səhmlərlə müqayisədə daha aşağı gəlirlilik göstərə bilir. Məsələn, son on ildə ABŞ fond bazarının bəzi indeksləri qızıldan daha yüksək gəlir təqdim edib. Buna görə də bütün vəsaitin qızıla yönəldilməsi əvəzinə investisiya portfelinin müəyyən hissəsinin qızılda saxlanılması daha optimal seçim olar”.
İqtisadçı onu da bildirib ki, hazırkı qlobal şəraitə baxdıqda bir tərəfdən Rusiya–Ukrayna müharibəsinin davam etməsi, Yaxın Şərqdə gərginliyin hələ də səngiməməsi, ABŞ və Çin arasındakı strateji rəqabət və beynəlxalq borclanmanın rekord səviyyələrə çatması qızılın qiymətini dəstəkləyən amillərdir. Başqa tərəfdən isə inflyasiyanın azalması, faiz dərəcələrinin yüksək qalması və beynəlxalq iqtisadi sabitliyin bərpası qızıl üzərində müəyyən təzyiq yarada bilər.
O, sonda bildirib: “Ümumilikdə, qızılın bahalaşması təkcə bazar amilləri ilə izah edilə bilməz. Bu yüksəliş beynəlxalq geosiyasi transformasiyanın, iqtisadi qeyri-müəyyənliyin və beynəlxalq maliyyə sistemində baş verən struktur dəyişikliklərin nəticəsidir. Dünya yeni risklər dövrünə daxil olduqca qızıl da sadəcə qiymətli metal olmaqdan çıxaraq beynəlxalq təhlükəsizlik və iqtisadi sabitlik göstəricilərindən birinə çevrilir”.
Belə hesab olunur: yaxın illərdə qızılın taleyi mədənlərdə hasil olunan həcmlərdən deyil, Kiyev, Moskva, Vaşinqton, Pekin, Tehran və Təl-Əvivdə qəbul edilən qərarlardan asılı olacaq. Məhz bu amil qızılı XXI əsrin ən strateji maliyyə aktivlərindən birinə çevirir.
İradə Cəlil,Bizimyol.info






