Azərbaycanda media sahəsində yeni idarəetmə modelinin tətbiqi məqsədilə Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur. Bu dəyişiklik “Media haqqında” və “Dövlət qulluğu haqqında” qanunlara edilən əlavələrdə öz əksini tapıb. Rəsmi izahata görə, məqsəd informasiya təhlükəsizliyini gücləndirmək və media sahəsində vahid, çevik idarəetmə mexanizmi formalaşdırmaqdır.
- Bu yeni qurumun yaradılması Azərbaycanda media mühitinə hansı real dəyişiklikləri gətirə bilər?
Əməkdar jurnalist, publisist Bahəddin Həzi Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Media və Yayım Şurasının yaradılmasını ümumilikdə müsbət qarşılayır.
“Bu, media sahəsində dövlət siyasətini və media modelləşməsini sistemləşdirməyə yönəlmiş bir təşəbbüs ola bilər. İstənilən halda, ən doğru qiymət yeni qurumun fəaliyyətinə əsasən verilə bilər”, – deyən Bahəddin Həzi hesab edir ki, bu, media siyasəti sahəsində maraqlı yenilik olacaq.
Əməkdar jurnalist, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru Qulu Məhərrəmli Bizimyol.info xəbər portalına bildirib ki, dünya təcrübəsində yazılı mətbuatı tənzimləyən qurumlar fərqli olur. Bunlar, əsasən, Azərbaycandakı Mətbuat Şurasına bənzər təşkilatlardır. Belə qurumlar qəzetlərlə ictimaiyyət arasında yaranan mübahisələrin, şikayətlərin və münasibətlərin tənzimlənməsi ilə məşğul olur.
Onlar ombudsman funksiyasını yerinə yetirir, etik kodekslərin tətbiqinə nəzarət edir və özünütənzimləmə mexanizmi kimi çıxış edirlər.
Qulu Məhərrəmli bildirib ki, televiziya və radio yayımının tənzimlənməsi isə adətən dövlət qurumları tərəfindən həyata keçirilir. Bunun səbəbi elektron medianın tənzimlənməsinin daha mürəkkəb xarakter daşımasıdır.
Burada tezliklərin bölüşdürülməsi, dövlət resurslarından istifadə və milli təhlükəsizlik kimi mühüm məsələlər mövcuddur. Buna görə də bu sahənin tənzimlənməsi ilə dövlət qurumları məşğul olur.
O bildirib ki, bir neçə il əvvəl yaradılmış Medianın İnkişafı Agentliyi də dövlət qurumu kimi fəaliyyət göstərir. Yeni medianın yaranması, internet saytlarının sürətlə artması, elektron media ilə audiovizual medianın bir-birinə inteqrasiyası yeni reallıq formalaşdırır.
Bu səbəbdən də Audiovizual Şura ilə Media Agentliyinin birləşdirilməsi ilə bağlı müzakirələrin ortaya çıxması müəyyən məntiqə əsaslanır.
“Bütün hallarda əsas məsələ medianın fəaliyyətinin səmərəli şəkildə tənzimlənməsidir. Bu, həm internet mediasına və xəbər saytlarına, həm də televiziya və radio yayımına aiddir. Ona görə də burada məntiqə zidd hər hansı məqam görünmür. Əgər belə müzakirələr gündəmə gəlibsə, deməli, bunun həm hüquqi, həm də ictimai əsasları mövcuddur”, – deyə o bildirib.
İradə Cəlil, Bizimyol.info






