Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva: “Oğlumun azadlığa qovuşacağına dair son ümidim Prezidentdir” - Video
Sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva: “Oğlumun azadlığa qovuşacağına dair son ümidim Prezidentdir” - Video

Bir neçə gün əvvəl keçmiş deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlamışdı. O, müraciətində Avropa İnsan Hüquqları Məhkəməsində Hüseyn Abdullayevin xeyrinə çıxarılmış qərardan imtina etdiyini açıqlamışdı.

Zeynəb Abdullayevanın sözlərinə görə, oğlu hər zaman Azərbaycan dövlətinə və Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə sadiq olub. O bildirib ki, Hüseyn Abdullayev Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti də dəstəkləyir.

Bu günlərdə Zeynəb xanımla görüşmək imkanım oldu. Söhbət zamanı o, bir daha dövlət başçısına müraciət edərək oğlunun azadlığa buraxılması üçün kömək göstərilməsini xahiş etdiyini dedi.

Səhhətində ciddi problemlər olan Zeynəb Abdullayeva bir müddət əvvəl ürəyindən əməliyyat olunduğunu qeyd edib. Onun sözlərinə görə, oğlunun illərdir həbsdə qalması həm mənəvi, həm də fiziki durumuna ağır təsir göstərib.

Ana hesab edir ki, onun müraciəti diqqətə alınarsa, Hüseyn Abdullayevin azadlığa çıxması mümkündür. Elə bu səbəbdən də o, ictimaiyyətə və media vasitəsilə aidiyyəti qurumlara səslənməyə qərar verib. Zeynəb xanımın əsas istəyi oğlunun azadlığa qovuşmasıdır. O bildirir ki, bu mümkün deyilsə, heç olmasa həbs cəzası ev dustaqlığı ilə əvəz olunsun.

Zeynəb Abdullayeva həmçinin oğlunun gələcəkdə siyasi fəaliyyətlə məşğul olmayacağını da vurğulayır.

Xatırladaq ki, Hüseyn Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və digər ittihamlar üzrə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

2024-cü ildə həmin cəza müddətinin başa çatmasına az qalmış yeni müəyyən edilmiş hallar əsasında onun barəsində növbəti cinayət işi açılıb və o, yenidən cinayət təqibinə cəlb olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2025-ci il tarixli hökmü ilə Hüseyn Abdullayev cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasında təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qərardan verilən apellyasiya şikayəti isə təmin olunmayıb. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »