Roma Papası XIV Leo Azərbaycana səfərə dəvət edilib. Prezident İlham Əliyev iyunun 16-da Roma Papasının Azərbaycana səfəri ilə bağlı dəvət məktubunu Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakada təqdim edib.
Görüş dinlərarası dialoq və beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.
- Bu səfər Azərbaycan–Vatikan münasibətlərinə necə təsir göstərə bilər?
Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu görüş baş tutarsa, bir neçə göstəriciyə görə olduqca əhəmiyyətli və tarixi hadisə kimi qiymətləndirilə bilər.
“Siyasi və diplomatik münasibətlərin getdikcə möhkəmləndiyi bir şəraitdə belə bir addımın atılması bütövlükdə bu prosesin daha da sürətlənməsinə təkan verə bilər. Məsələ ondadır ki, Vatikan beynəlxalq arenada böyük mənəvi və diplomatik nüfuzu olan mühüm aktorlardan biridir. Roma Papasının Azərbaycana səfəri ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirər və Azərbaycanın beynəlxalq dialoq platforması kimi mövqeyinin daha da gücləndiyini göstərə bilər. Bu baxımdan sözügedən səfər çox vacib hadisə kimi dəyərləndirilir”, – deyən deputat bildirib ki, əvvəllər də Azərbaycan rəhbərliyinin Vatikanla münasibətlərin inkişafına xüsusi önəm verdiyinin şahidi olmuşuq.
Bu, həm ölkə rəhbərinin çıxışlarında, həm də aidiyyəti qurumlarla Vatikan arasında həyata keçirilən təmaslarda öz əksini tapıb.
Deputatın fikrincə, bütün bunlar əlaqələrin kifayət qədər yüksək səviyyədə olduğunu göstərir. Roma Papasının mümkün yeni səfəri isə bu günədək siyasi dialoq müstəvisində əldə olunan uğurların daha da möhkəmlənməsinə və inkişafına töhfə verə bilər.
Azər Allahverənov hesab edir ki, səfər dinlərarası dialoq baxımından da olduqca mühüm əhəmiyyət daşıyır. Azərbaycanın özünəməxsus dinlərarası dialoq modelinə malik olduğunu hamımız bilirik. Ölkəmizdə mütəmadi olaraq sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa həsr olunmuş çoxsaylı beynəlxalq tədbirlər keçirilir.
Onun sözlərinə görə, Vatikanın da bu proseslərə xüsusi maraq göstərdiyini nəzərə alsaq, demək olar ki, bu səfər Azərbaycanın dinlərarası dialoq modelinin inkişaf etdirilməsi və beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm hadisə olacaq.
Deputat deyib ki, Azərbaycan müxtəlif dini və etnik qrupların dinc və qarşılıqlı hörmət şəraitində birgə yaşadığı ölkə kimi nümunə göstərilir: bu modelin dünya ictimaiyyətinə təqdim olunması ölkəmizə olan rəğbətin daha da artmasına səbəb olur.
“Vatikanla əməkdaşlıq və Roma Papasının mümkün səfəri də həmin modelin beynəlxalq səviyyədə daha geniş tanınmasına, şübhəsiz ki, kömək edəcək. Son dövrlərdə Müqəddəs Taxt-Tac və Azərbaycan arasında dinlərarası dialoq sahəsində yeni əməkdaşlıq sənədlərinin imzalanmasını da xatırlatmaq yerinə düşər.
Bu fakt göstərir ki, sözügedən istiqamətdə ciddi irəliləyişlər əldə olunur.
Bu da Azərbaycan ilə Vatikan arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyindən xəbər verən vacib nüanslardan biridir. Mədəni-humanitar əməkdaşlığın genişlənməsi baxımından da belə bir səfər əlverişli imkanlar yarada bilər.
Azərbaycan ilə Vatikan arasında uzun illərdir mədəni irsin qorunması sahəsində əməkdaşlıq mövcuddur. Azərbaycanın dəstəyi ilə Vatikandakı bəzi tarixi abidələrin bərpası həyata keçirilib. Roma Papasının yeni səfəri bu layihələrin genişləndirilməsinə və yeni təşəbbüslərin meydana çıxmasına təkan verə biləcək mühüm hadisə kimi qiymətləndirilə bilər”.
Deputat vurğulayıb ki, Azərbaycan və Vatikan arasında münasibətlərin dərinləşdirilməsi istiqamətində güclü siyasi iradə var.
Azər Allahverənov deyib ki, regional və beynəlxalq müstəvidə bu səfərlə bağlı yayılan məlumatlar da, əslində, dünya ictimaiyyətinə ünvanlanan mühüm mesaj kimi qiymətləndirilə bilər.
Deputatın fikrincə, bu mesaj ilk növbədə, dinindən və mənsubiyyətindən asılı olmayaraq, bəşəri dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərən bütün tərəflərə ünvanlanır.
“Belə bir səfər yalnız ikitərəfli münasibətlərin dərinləşməsi baxımından deyil, həm də beynəlxalq ictimaiyyətə veriləcək mesajlar nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıyır. Azərbaycanın müxtəlif beynəlxalq platformalarda, xüsusilə də Bakıda təşkil olunan tədbirlər vasitəsilə dini tolerantlıq, sülh və mədəniyyətlərarası əməkdaşlıqla bağlı verdiyi mesajlar hər zaman müsbət qarşılanıb. Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq istiqamətində müzakirələrin getdiyi bir dövrdə belə diplomatik təmasların intensivləşdirilməsi regional təhlükəsizlik və əməkdaşlıq arxitekturasının daha da möhkəmlənməsinə töhfə verə bilər”, – deyə Azər Allahverənov bildirib.
Deputat hesab edir ki, Azərbaycanda papalıq səfərlərinin müsbət təcrübəsi artıq mövcuddur. 2016-cı ildə Papa Fransisk Azərbaycana səfər etmiş və həmin səfər hər iki tərəf tərəfindən münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilmişdi.
Azərbaycan rəsmiləri də müxtəlif vaxtlarda bu səfərin nəticələri barədə müsbət fikirlər səsləndiriblər.
Deputatın sözlərinə görə, sonrakı dövrdə baş tutan təmaslar da göstərdi ki, həmin səfər Azərbaycan–Vatikan münasibətlərinin daha da dərinləşməsinə mühüm töhfə verib.
“Roma Papasının Azərbaycana mümkün yeni səfəri təkcə diplomatik protokol hadisəsi deyil. Bu səfər həm dinlərarası dialoq, həm mədəni əməkdaşlıq, həm də Azərbaycanın beynəlxalq mövqeyinin daha da gücləndirilməsi baxımından mühüm siyasi və simvolik hadisə kimi dəyərləndirilə bilər. Ən azından Azərbaycanın da Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində həyata keçirdiyi fəaliyyətə, bu istiqamətdə nümayiş etdirdiyi siyasi səylərin daha da məqsədyönlü şəkildə davam etməsinə xidmət edəcək bir səfərdir. Bu məsələdə Vatikanın da bu prosesə töhfə verməsi sülh və təhlükəsizliyin əleyhinə olan müəyyən qüvvələrin məhz dinlərarası dialoq komponenti vasitəsilə təsir imkanlarını minimuma endirə bilər”, – deyə deputat bildirib.
İradə Cəlil, Bizimyol.info






