İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı gələcəkdə ən çox istehsalat, nəqliyyat, maliyyə və idarəetmə sahələrini köklü şəkildə dəyişdirəcək. Təbii ki, digər sektorlarda da onun müsbət təsirlərini görəcəyik. Süni intellekt və avtomatlaşdırma monoton, fiziki və təkrarlanan işləri böyük ölçüdə insanların əlindən alacaq.
- Ümumilikdə, “İKT gələcəkdə ən çox hansı sahələri dəyişdirəcək?”
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İKT demək olar ki, bütün sektorlara təsir edəcək: “İlk növbədə istehsalat sahəsini qeyd etmək olar. Robotlar və süni intellekt zavodlarda insan əməyini böyük ölçüdə, hətta tamamilə əvəz etməyi hədəfləyir. Artıq biz bununla bağlı rəqəmsallaşmanın imkanlarından geniş istifadə edən ölkələrin təcrübəsində bunu görürük.
Digər tərəfdən, nəqliyyat və logistika sektorunda sürücüsüz avtomobillər və dronlar çatdırılma prosesini tam avtomatlaşdırmaq istiqamətində inkişaf etdirilir. Maliyyə və bankçılıq sahəsi də bu dəyişiklikdən kənarda qalmır. Artıq alqoritmlər insan müdaxiləsi olmadan investisiya və kredit qərarları verə biləcək səviyyəyə doğru irəliləyir.
Eyni zamanda dövlət idarəçiliyində də müxtəlif ölkələrin təcrübəsində bu dəyişiklikləri görmək mümkündür. Azərbaycanda da bunun təsirləri artıq hiss olunmaqdadır. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri reallaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə qurulan yeni infrastruktur da məhz bu yanaşma üzərində formalaşdırılır. Dünyada isə ağıllı şəhərlər və rəqəmsal idarəetmə sistemləri sənədləşmə və xidmət proseslərini tamamilə onlayn formata keçirməyi hədəfləyir”.
İlqar Orucov bildirib ki, müxtəlif peşələrin gələcəyi də bu kontekstdə gündəmə gəlir: “Avtonom nəqliyyat vasitələri sürücü və kuryer peşələrini sıradan çıxara bilər. Rutin hesabatlılıq işləri, inzibati fəaliyyətlər, məlumatların emalı və s. kimi proseslər isə proqramlar və süni intellekt tərəfindən icra olunacaq. Bütövlükdə bunların hamısı xüsusi kompüter sistemləri vasitəsilə reallaşdırılacaq. Müştəri xidmətləri sahəsində də süni intellektin təsiri daha çox hiss olunacaq. Operator vəzifələrini virtual köməkçilər və çatbotlar əvəz edəcək. Bank sektorunda kassir və əməliyyatçı kimi ənənəvi vəzifələrin əhəmiyyəti azalacaq. Nağdsız ödənişlərin genişlənməsi və ağıllı terminalların tətbiqi bu işlərə olan ehtiyacı minimuma endirəcək”.
Ekspert vurğulayıb ki, bəzi ənənəvi peşələrin ixtisara düşməsi mümkün olsa da, bu, daha çox işsizlik böhranı deyil, peşələrin transformasiyası kimi qiymətləndirilməlidir: “Məsələn, ənənəvi müəllimlik modeli dəyişərək, fərdi rəqəmsal mentorluğa, klassik həkimlik isə texnoloji diaqnostika və idarəetmə modelinə çevrilə bilər. Bu müəllimlik və həkimlik peşələrinin tamamilə ortadan qalxacağı demək deyil. Əksinə, onlara ehtiyac qalacaq, lakin bu sahələrdə rəqəmsallaşma və transformasiya daha çox hiss olunacaq. İnsan amili, empatiya, yaradıcılıq və strateji düşüncə tələb edən sahələr isə heç vaxt tamamilə yox olmayacaq. Həkimlik və müəllimlik məhz bu keyfiyyətlərə əsaslanır”.
- Ənənəvi peşələr ixtisar ediləcəksə, bu dəyişikliklərə necə hazır olmalıyıq?
İlqar Orucov hesab edir ki, mütləq şəkildə yumşaq bacarıqlara fokuslanmaq lazımdır: “Yaradıcılıq, emosional zəka və böhran idarəçiliyi kimi bacarıqlar inkişaf etdirilməlidir.r əqəmsal savadlılıq isə hər bir sahədə əsas tələblərdən birinə çevrilir. Hansı sahədə işləməsindən asılı olmayaraq, mütəxəssislər texnoloji alət və proqramlardan istifadə etməyi bacarmalıdırlar”.
“İnsanlar daha çox hibrid peşələrə yönələcək və yönəlməlidirlər — yəni texnologiya ilə humanitar sahələrin kəsişməsində olan ixtisaslara. Məsələn, rəqəmsal marketinq, bioinformatika kimi sahələr buna nümunədir. Bundan əlavə, ömürboyu təhsil prinsipi və multidisiplinar biliklərin əldə edilməsi çox önəmlidir. Təhsil sistemi də elə qurulmalıdır ki, insanlar ömürboyu öyrənmə vərdişini mənimsəyə bilsinlər. Dəyişən dünyaya uyğunlaşmaq üçün insanlar hər an yeni ixtisaslar öyrənməyə hazır olmalıdırlar. Gələcəyin əmək bazarına hazır olmaq üçün düzgün düşünmək, strateji qərar qəbul etmək və daim inkişaf etmək vacibdir”-deyə ekspert bildirib.
İlqar Orucov hesab edir ki, müasir dünyada texnologiyaların inkişafına uyğunlaşmaq, adaptasiya olunmaq, bilik və bacarıqları daim təkmilləşdirmək əsas şərtlərdən biridir: “İnsanlar yalnız mövcud peşələrini qorumağa deyil, onları inkişaf etdirməyə və yeni tendensiyalara uyğunlaşdırmağa da diqqət yetirməlidirlər. Bu dəyişikliklər təkcə bir sahəyə aid deyil — bütün sahələrdə baş verəcək və qaçılmazdır. Ona görə də insanlar bu proseslərə hazır olmalı, eyni zamanda bu dəyişikliklərin içində aktiv iştirak etməlidirlər ki, gələcəkdə öz sahələrində dəyərli mütəxəssis olaraq qala bilsinlər”.
“Yaxın gələcəkdə insanlar bir ömür boyu bir neçə dəfə peşə dəyişmək məcburiyyətində qala biləcəklər. Buna hazır olmaq üçün isə hər gün öyrənmək, dəyişikliklərə açıq olmaq və özünü inkişaf etdirmək vacibdir. Yumşaq bacarıqlar, rəqəmsal savadlılıq, hibrid peşələrə meyl və ömürboyu təhsil prinsipi gələcəyin əsas tələbləri olacaq”-deyə İlqar Orucov qeyd edib.
İradə Cəlil, Bizimyol.info
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)
Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi






