Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
17 il sonra Yaponiyaya səfər: Bakı–Tokio münasibətlərində yeni səhifə açılır
17 il sonra Yaponiyaya səfər: Bakı–Tokio münasibətlərində yeni səhifə açılır

İyunun 10-da xarici işlər naziri Ceyhun Bayramovun Yaponiyaya səfəri həyata keçirilib. Bu, Azərbaycan xarici işlər nazirinin son 17 il ərzində Yaponiyaya ilk səfəri olub. Səfər çərçivəsində nazir Ceyhun Bayramov Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi, Azərbaycan–Yaponiya Parlamentlərarası Dostluq Liqasının sədri və üzvləri ilə görüşlər keçirib, Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunda dəyirmi masa müzakirələrində çıxış edib. Yaponiyada keçirilən görüşdə nazirlər 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından ötən 30 ildən artıq müddətdə ikitərəfli münasibətlərin inkişafını alqışlayıb, yüksəksəviyyəli səfərlər və siyasi məsləhətləşmələr də daxil olmaqla fəal və səmərəli siyasi dialoqun vacibliyini təsdiqləyiblər.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Ceyhun Bayramovun Yaponiyaya səfəri iki ölkə arasında siyasi dialoqun və iqtisadi əməkdaşlığın dərinləşdiyini nümayiş etdirən mühüm diplomatik hadisələrdən biri kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən görüşlərdə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, investisiya imkanları, yaşıl enerji, regional sabitlik və beynəlxalq əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu təmaslar göstərir ki, Azərbaycan və Yaponiya münasibətləri ənənəvi dostluq çərçivəsindən çıxaraq daha strateji xarakter almağa başlayır.

Deputat hesab edir ki, son illər Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm aktorlardan birinə çevrilib.

Xüsusilə Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artıb. Azərbaycanın zəngin neft və qaz ehtiyatları, həmçinin yaşıl enerji layihələrinə artan marağı beynəlxalq tərəfdaşların diqqətini cəlb edir. Yaponiya isə enerji resursları baxımından xarici mənbələrdən asılı olan ölkələrdən biridir. Buna görə də Tokio enerji təchizatında etibarlı və uzunmüddətli tərəfdaşlarla əməkdaşlığı prioritet hesab edir.

Deputat vurğulayıb ki, Azərbaycanın sabit enerji ixracatçısı kimi mövqeyi və beynəlxalq layihələrdə qazandığı təcrübə Yaponiya üçün mühüm əhəmiyyət daşıyır: “Tərəflər yapon şirkətlərinin iştirak etdiyi ‘Azəri–Çıraq–Günəşli’ neft-qaz yataqlarının işlənməsi və Bakı–Tbilisi–Ceyhan boru kəməri üzrə iki ölkə arasında uzunmüddətli və sıx əməkdaşlıq münasibətlərinin mövcudluğu faktını yüksək qiymətləndiriblər. Bu, tərəflər arasında səmərəli qarşılıqlı əməkdaşlığın əhəmiyyətli faydalarını və müsbət nəticələrini nümayiş etdirir. Bununla yanaşı, tərəflər arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq perspektivləri də genişdir. Xəzər dənizinin külək enerjisi potensialı, günəş enerjisi layihələri və yaşıl hidrogen istiqamətində planlaşdırılan təşəbbüslər Yaponiya şirkətlərinin Azərbaycana marağını daha da artıra bilər. Yaponiyanın yüksək texnologiyaları ilə Azərbaycanın enerji resursları və coğrafi imkanlarının birləşdirilməsi qarşılıqlı faydalı əməkdaşlıq modeli formalaşdıra bilər. Səfər çərçivəsində tərəflər iqtisadi dayanıqlılığa, iqtisadi təhlükəsizliyə və daha geniş beynəlxalq mühitə təsir göstərən son inkişaflarla bağlı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun və əməkdaşlığın davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər. İki dövlət arasında siyasi və iqtisadi yaxınlaşma Azərbaycanın beynəlxalq mövqeyinə də müsbət təsir göstərir. Belə ki, ölkəmiz həm Avropa, həm də Asiya dövlətləri ilə balanslaşdırılmış və çoxtərəfli xarici siyasət həyata keçirir. Yaponiya kimi qlobal iqtisadi güclə münasibətlərin inkişafı Azərbaycanın Asiya istiqamətində diplomatik imkanlarını genişləndirir.”

Vüqar Rəhimzadənin fikrincə, Azərbaycan ilə Yaponiya arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması hər iki tərəfin strateji maraqlarına cavab verir. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, texnologiya transferi və investisiya əməkdaşlığı bu tərəfdaşlığın əsas sütunlarını təşkil edir. Azərbaycanın enerji və logistika sahələrində artan rolu Yaponiya ilə əlaqələrin daha da dərinləşməsinə zəmin yaradır. Eyni zamanda, bu yaxınlaşma Azərbaycanın Asiya–Avropa əməkdaşlıq xəritəsində mövqeyini gücləndirərək onu qlobal iqtisadi və geosiyasi proseslərin daha mühüm iştirakçılarından birinə çevirə bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »