Heç şübhəsiz ki, Ermənistandakı seçkilərin yekun nəticələri Azərbaycandakı gözləntilərə tam cavab vermədi. Hazırkı hakim Mülki Müqavilə Partiyası səslərin 49 faizindən bir az çoxunu alıb, hökuməti təkbaşına formalaşdıracaq.
Nikol Paşinyan yenə baş nazir olaraq qalacaq. Ancaq hakim partiya parlamentdə Konstitusion çoxluğu əldə edə bilmədi, üstəlik güclü (həm də Rusiyapərəst revanşistlərin üstünlükdə olduğu) müxalifətlə "cəzalandırıldı".
Bunları nəzərdən keçirəndə Azərbaycanla Ermənistan arasında sülh prosesinin sanki tormozlandığını görürük.
Mənə elə gəlir ki, məsələyə başqa tərəfdən yanaşmaq lazımdır.
Əvvəla, Azərbaycanla Ermənistan arasında faktik sülh var, artıq faktik iqtisadi əlaqələr, qarşılıqlı səfərlər, birbaşa təmas formatları var. Azərbaycanla sülh, Türkiyə ilə normallaşma Rusiya vassallığından uzaqlaşmaq istəyən (əgər bunu, doğrudan da, istəyirsə), Ermənistanın özünə daha çox lazımdır, nəinki onun qonşuları olan türk dövlətlərinə və başqa ölkələrə. Ona görə də sosial şəbəkələrdə: "Ermənistan seçki keçirdi, Azərbaycan uduzdu" deyə şərh yazanlar, yumşaq desək, siyasi dileantlardır.
Doğrudur, Azərbaycanla Ermənistan arasında, ümumiyyətlə, Cənubi Qafqazda dayanıqlı sülhün əsas şərtlərindən biri Ermənistanın qonşuları olan türk dövlətlərinə qarşı ərazi iddialarından əl çəkməsidir. Ancaq bu,qonşulardan çox, Ermənistanın özünün problemidir. Baş nazir Paşinyan xəyali Ermənistan əvəzinə "real Ermənistan" ideyasını irəli sürüb. Çünki görünüşə baxsaq, Paşinyan və tərəfdarları aydın dərk edib ki, "dənizdən dənizə Böyük Ermənistan" xülyası reallaşnayacaq; bu xəyalı erməni cəmiyyətinə kənardan təlqin edib, qonşuların üzərinə yönəldiblər ki, bölgəni rahat idarə edə bilsinlər. Əlbəttə, söhbət daha çox və ya bütünlüklə Rusiyadan gedir. "Dənizdən dənizə..." ideyası - avantürası Ermənistanın özünə deyil, başqalarına lazındır. İndiyədək bunun xeyrini Rusiya və başqa kənar qüvvələr, zərərini isə Ermənistan dövləti və cəmiyyəti görüb.
Ona görə də Nikol Paşinyan hökuməti, doğrudan da, ölkəsini Rusiya vassallığından qurtarıb, Avropa ailəsinə qoşmaq istəyirsə, son seçkilərdə Paşinyanın hakimiyyətdə qalması ilə Rusiya, parlamentdə konstitusion çoxluğu əldə edə bilməməklə Paşinyan özü, Azərbaycanla və Türkiyə ilə yuridik münasibətlərin qurulmasının ləngiməsi ilə Ermənistan cəmiyyəti uduzub. Konstitusion çoxluq Nikol Paşinyana təkcə Azərbaycanla sülh, Türkiyə ilə normallaşna üçün lazım deyildi. Elə birinci özü üçün, Avropaya inteqrasiyanı sürətləndirmək üçün Ermənistanın özünə sülh gərəklidir. Azərbaycan həmişə deyib: sadəcə,Ermənistan hökuməti ilə deyil, erməni cəmiyyəti ilə - xalqla sülh bağlamaq istəyir. Bunun da yolu referendumdur. Əgər sülh və dinc qonşuluq ümumxalq istəyi və iradəsi olacaqsa, referendum da olacaq. Onsuz da yeni Konstitusiya məhz referendumla qəbul ediləcək. İndilik hökumətin parlamentdən referendim keçirilməsi Rusiyaya da lazımdır; Ermənistanın Rusiya mərkəzli strukturlarda, xüsusilə, Avrasiya İqtisadi İttifaqında qalıb-qalmaması ilə bağlı suallarla İrəvandakı hökuməti sıxışdırmaq üçün Moskva da "öz" referendumunu istəyir.
Ermənistan hansı geopolitik vektora yönəlməsindən asılı olmayaraq, qonşularına ərazi iddialarından əl çəkmək zərurəti qarşısındadır. Çünki istənilən halda bölgədə sülh olacaq - bunu təkcə Azərbaycan və Türkiyə yox, ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də, Çin kimi böyük güclər istəyir. Eləcə də, Mərkəzi Asiya ölkələri və sair. Əgər Rusiya Cənubi Qafqazda da sülh istəmirsə, indi bu zəifləmiş vəziyyətində indikindən də çox qüvvə ilə daha bir cəbhədə üz-üzə qalmış olacaq.
Odur ki, bu gün Ermənistandakı seçkilərin geopolitik məğlubu varsa, o, Rusiyadır, Azərbaycan deyil. Ancaq seçkilərin qalibi hər halda var və köhnə-yeni Ermənistan hökuməti Azərbaycanla və Türkiyə ilə münasibətlərin normallaşması kursuna sadiqliyini ən azı sözdə bəyan edib.
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, Bizimyol.info






