Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya–Ukrayna müharibəsinin ilk mərhələsində Rusiyanın sürətli qələbə qazana biləcəyini, lakin beynəlxalq vasitəçilərin müdaxiləsi ilə prosesin dəyişdiyini iddia edib.
Bizimyol.info xəbər verir ki, Lukaşenko bu barədə “Al Arabiya” telekanalına verdiyi müsahibədə danışıb. Onun sözlərinə görə, münaqişənin əvvəlində bəzi beynəlxalq tərəflər vasitəçilik edərək Ukrayna rəhbərliyi adından sülhə hazır olduqlarını bildiriblər.
O iddia edib ki, bu prosesdə Vatikan və İsrail tərəfi vasitəçi rolunda çıxış edib. Lukaşenko həmin şəxslərin Ukrayna Prezidenti Vladimir Zelenski adından “sülhə razılıq” mesajı verdiyini söyləyib.
Belarus lideri həmçinin bildirib ki, əgər Rusiya ordusu Kiyevə hücumu davam etdirsəydi, Ukrayna rəhbərliyinin “zərər görə biləcəyi” ehtimal olunurdu. Onun sözlərinə görə, məhz bundan sonra Rusiya Prezidenti Vladimir Putin qoşunların Kiyevdən geri çəkilməsi və diplomatik danışıqlara üstünlük verilməsi qərarını qəbul edib.
Lukaşenko müsahibəsində həmçinin müharibədə tərəflərin ilkin hədəflərinə tam nail olmadığını, lakin hazırda strateji üstünlüyün Rusiya tərəfində olduğunu iddia edib.
Qeyd edək ki, bu açıqlamalar Rusiya ilə Ukrayna arasında davam edən genişmiqyaslı müharibə fonunda səsləndirilib.
Bizimyol.info






