Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Marta Kosun İrəvan səfəri: Ermənistan-Qərb münasibətlərində yeni mərhələ
Marta Kosun İrəvan səfəri: Ermənistan-Qərb münasibətlərində yeni mərhələ

Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos iyulun 5-də Ermənistana səfər edəcəyini bildirib. O, Rusiyanın Ermənistana təzyiqlərinin artdığını və Aİ-nin İrəvana dəstəyini davam etdirməyə hazır olduğunu qeyd edib. Ermənistanla əməkdaşlığın gələcək perspektivləri Brüsseldə keçiriləcək müzakirələrin əsas mövzularından biri olacaq.

  • Aİ-nin Ermənistana dəstəyinin güclənməsi Rusiya ilə münasibətlərə necə təsir edə bilər?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hazırda Ermənistanda açıq şəkildə Qərb və Rusiya arasında geosiyasi mübarizə gedir. Rusiya özünün Cənubi Qafqazda ənənəvi təsir imkanlarını qorumağa çalışır və bunun əsas dayaqlarından biri məhz Ermənistandır. Çünki Rusiyanın Ermənistanda həm hərbi bazası mövcuddur, həm də ölkə bir sıra sahələrdə ciddi şəkildə Rusiya ilə bağlıdır.

Politoloq vurğulayıb ki, Ermənistanın xarici ticarətinin təxminən 40 faizi Rusiya ilə həyata keçirilir. Ölkə iqtisadiyyatı əhəmiyyətli dərəcədə Rusiyadan asılıdır. Elektrik şəbəkəsi, atom elektrik stansiyasının işləməsi üçün lazım olan texnologiyalar və dəmir yolları kimi strateji sahələr də ciddi şəkildə Rusiyadan asılıdır. Bu baxımdan Ermənistanın birdən-birə Rusiyadan qopması mümkün deyil. Paşinyan da bu siyasəti mümkün qədər həyata keçirməyə çalışır. Lakin həm Rusiya, həm də Avropa tərəfi artıq Ermənistanın mövqeyinin daha aydın şəkildə müəyyənləşməsini istəyir. Bu səbəbdən son aylarda Rusiyanın təzyiqlərinin artdığı müşahidə olunur. Rusiya açıq şəkildə Ermənistandan Avrasiya İqtisadi İttifaqı və ya Avropa İttifaqı ilə bağlı öz mövqeyini dəqiqləşdirməsini tələb edir.

Bu səbəbdən Ermənistanda kifayət qədər mürəkkəb vəziyyət yaranıb.

Politoloqun fikrincə, Rusiyanın təzyiqlərini müəyyən qədər neytrallaşdırmaq məqsədilə Avropa İttifaqı tərəfindən Ermənistana müxtəlif dəstək mexanizmləri göstərilir.

“Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kosun da açıqlamaları bu kontekstdə qiymətləndirilir. Hazırda Avropa İttifaqı ilə Ermənistan arasında müzakirələr intensiv xarakter alıb və Aİ Rusiyanın Ermənistana təzyiqlərinin təsirini azaltmaq üçün dəstək verməyə çalışır.

Son dövrlərdə Ermənistan məhsullarına Rusiya tərəfindən müəyyən məhdudiyyətlər və təzyiqlərin tətbiq olunduğu da müşahidə edilir. Buna cavab olaraq Avropa İttifaqı Ermənistanla ticarətdə daha güzəştli şərtlər tətbiq etməklə vəziyyəti yumşaltmağa çalışır”, – deyə politoloq bildirib.

Onun sözlərinə görə, Ermənistanın Rusiyadan birdən-birə ayrılması ağır nəticələrə səbəb ola bilər. Avropa İttifaqı ilə yaxınlaşma məsələsində Rusiya bu prosesi həssaslıqla izləyir.

Oqtay Qasımov hesab edir ki, Ermənistanı rahatlıqla Ukraynaya çevirmək olmaz.

Baxmayaraq ki, Ermənistanda seçkilər keçirilib və legitim hakimiyyət formalaşıb, Rusiyanın mövqeyi əsasən Paşinyan hökumətindən müəyyən təminatlar almaq və razılaşmalar əldə etmək istiqamətindədir.

Politoloq qeyd edib ki, Ermənistan rəhbərliyi də yaxşı anlayır ki, Rusiya ilə əlaqələrin birdən-birə kəsilməsi ciddi problemlərə yol aça bilər. Buna görə də tərəflər bu prosesi zamanla idarə etməyə, həm Rusiya ilə iqtisadi əlaqələri qorumağa, həm də Avropa ilə siyasi, maliyyə və iqtisadi əməkdaşlığı genişləndirməyə çalışırlar.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »