Çinin Xarici İşlər Nazirliyi Hörmüz boğazından təhlükəsiz və sərbəst keçidin mümkün qədər tez bərpasının bütün tərəflərin maraqlarına uyğun olduğunu bildirib.
Bizimyol.info xəbər verir ki, Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian brifinqdə qeyd edib ki, Hörmüz boğazı beynəlxalq dəniz daşımaları üçün mühüm marşrutdur, həmçinin bu keçidin təhlükəsiz və sərbəst şəkildə bərpası hamının maraqlarına xidmət edir.
Diplomat vurğulayıb ki, Çin bu məsələ ilə bağlı maraqlı tərəflər və beynəlxalq ictimaiyyətlə əlaqələri davam etdirməyə hazırdır. Onun sözlərinə görə, Pekin həmçinin Çin kapitallı gəmilərin və Çin bayrağı altında üzən gəmilərin təhlükəsizliyinin qorunması üçün bütün tərəflərlə əlaqəni davam etdirəcək, eləcə də mümkün olan səyləri göstərəcək.
Bundan əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif “X” platformasında ABŞ və İran arasında razılaşma əldə olunduğunu, sazişin imzalanma mərasiminin 19 iyunda İsveçrədə keçiriləcəyini bildirmişdi.
ABŞ Prezidenti Donald Tramp isə “Truth Social” platformasında ABŞ və İranın razılaşma əldə etdiyini açıqlayıb. O, həmçinin İrana qarşı dəniz blokadasının aradan qaldırılması barədə göstəriş verdiyini və Hörmüz boğazında dəniz hərəkətinin bərpasına icazə verdiyini bildirib. Trampın sözlərinə görə, razılaşma imzalandıqdan sonra 19 iyunda boğazın minalardan təmizlənməsi və açılması planlaşdırılır.
Bizimyol.info






