Ukrayna Prezidenti Vladimir Zelenskyy G7 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə şəxsi görüş keçirməyi təklif etdiyini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, onun sözlərinə görə, görüşün ABŞ və Avropa İttifaqı liderlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulub.
“Orada ABŞ Prezidenti Donald Trump və Fransa Prezidenti Emmanuel Makron də olacaq. Avropa və ABŞ-ın iştirakı ilə hamının bir araya gəlməsi üçün yaxşı fürsətdir”, – deyə Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, ABŞ tərəfi Putinin görüşə dəvət olunmasına razılıq verib. Təklif həm Fransa tərəfinə, həm də birbaşa Rusiya nümayəndələrinə çatdırılıb. Lakin Moskva bu təşəbbüsə aydın cavab verməyib.
Zelenski qeyd edib ki, Rusiya bu dəfə də müharibənin başa çatdırılması ilə bağlı dialoqa hazır olmadığını nümayiş etdirib.
Kreml isə əvvəlki mövqeyini qoruyaraq Zelenski ilə birbaşa görüş ehtimalını istisna edir. Məlumata görə, Putin ABŞ Prezidenti Donald Trampla son telefon danışığında Ukrayna lideri ilə görüşün yalnız Moskva şəhərində mümkün ola biləcəyini bildirib.
Qeyd edək ki, Ukrayna tərəfi son aylarda bir neçə dəfə Zelenski ilə Putinin şəxsi görüşünü təşkil etməyi təklif edib. İyunun 4-də Zelenski Rusiya liderinə açıq məktub ünvanlayaraq İsveçrə, Türkiyə və ya ərəb ölkələrindən birində danışıqlar aparmağı təklif etmişdi.
Putin isə cavabında belə bir görüşün zəruri olmadığını bildirərək, Ukraynanın məqsədinin Rusiya ordusunun irəliləyişini dayandırmaq olduğunu iddia etmişdi.
Bizimyol.info






