Ursula von der Leyen bildirib ki, G7 liderlərinin sammitində əsas mövzulardan biri Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırması üçün ona təzyiqlərin artırılması olacaq.
Bizimyol.info xəbər veror ki, o, "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada qeyd edib ki, ötən gecə Ukrayna genişmiqyaslı hücumlara məruz qalıb. Nəticədə mülki şəxslər həlak olub, həmçinin mədəni irs obyektlərinə, o cümlədən Kiyev-Peçersk Lavrası kompleksinə ziyan dəyib. Həmin tarixi abidə UNESCO tərəfindən qorunur.
“Bu gün G7 ölkələrinin liderləri bir araya gəlirlər. Biz Rusiyaya təzyiqlərin daha da artırılması, Vladimir Putinin danışıqlara cəlb olunması və bu mənasız qırğınların dayandırılması üçün atılacaq növbəti addımları müzakirə edəcəyik”, – deyə Fon der Lyayen vurğulayıb.
Onun sözlərinə görə, Avropa və Ukrayna sülhə can atır, Rusiyanın son hərəkətləri isə zorakılıq və dağıntı siyasətinin davam etdiyini göstərir.
Ukrayna Prezidenti Vladimir Zelenski G7 ölkələrindən Ukrayna şəhərlərinə son hücumlarla bağlı konkret reaksiya gözlədiyini bildirib.
Mediada yayılan məlumatlara görə, Avropa liderləri sammit çərçivəsində ABŞ Prezidenti Donald Trump ilə keçiriləcək görüşlərdən istifadə edərək Ukrayna ilə Rusiya arasında sülh prosesinin bərpası istiqamətində mümkün addımları da müzakirə etməyi planlaşdırırlar.
Sammit ərəfəsində Zelenski Trampla telefon danışığı aparıb. Tərəflər sülhə nail olunmasına yönəlmiş təşəbbüslər ətrafında müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
Bizimyol.info






