ABŞ-ın bir neçə ştatının baş prokurorluğu "OpenAI" şirkətinə qarşı araşdırmaya başlayıb. Rəsmilər istifadəçi təhlükəsizliyi, şəxsi məlumatların qorunması və azyaşlılarla bağlı siyasətə dair geniş sənəd paketi tələb ediblər.
Bizimyol.info xəbər verir ki, məlumata görə, araşdırmaya Nyu York ştatının baş prokurorluğu rəhbərlik edir. Sorğu şirkətin IPO-ya hazırlıq çərçivəsində sənədlər təqdim etməsindən qısa müddət sonra göndərilib.
ABŞ rəsmiləri "ChatGPT"nin reklam strategiyalarını, istifadəçilərin platformada saxlanılması mexanizmlərini, şəxsi və tibbi məlumatların emalını, həmçinin uşaqlar və yaşlı insanlarla bağlı siyasəti araşdırmaq niyyətindədirlər.
"OpenAI" isə hakimiyyət orqanları ilə əməkdaşlığa hazır olduğunu bildirib və "ChatGPT"də istifadəçilərin qorunması üçün təhlükəsizlik mexanizmlərinin tətbiq edildiyini vurğulayıb.
Ekspertlərin qiymətləndirməsinə görə, şirkətin potensial IPO-su onun dəyərini təxminən 1 trilyon dollara çatdıra bilər. Lakin yeni araşdırma bu prosesi çətinləşdirə bilər.
Son həftələrdə şirkət digər hüquqi problemlərlə də üzləşib. Kanadada bir qadın "ChatGPT"nin qızının intiharına təsir göstərdiyini iddia edərək məhkəmə iddiası qaldırıb. Bundan başqa, Florida ştatının baş prokuroru James Uthmeier iki silahlı insidentlə bağlı "OpenAI" və onun rəhbəri Sam Altman əleyhinə iddia qaldırıb.
Şirkət isə hər iki halda sistemin istifadəçilərə peşəkar psixoloji yardım almağı tövsiyə etdiyini və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini açıqlayıb.
Süni intellekt sahəsində nəzarət digər şirkətlərə də şamil olunur. Avropada "xAI" şirkətinin hazırladığı "Grok" ilə bağlı antisemit və seksual məzmun yayılması iddiaları üzrə araşdırma aparılır. Eyni zamanda, "Anthropic" şirkəti də bəzi süni intellekt modellərinin xaricə ixracı ilə bağlı məhdudiyyətlərlə üzləşib.
Bizimyol.info






