Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tural Gəncəliyev: "Heydər Əliyevin hakimiyyətə qayıdışı yeni dövrün başlanğıcı idi"
Tural Gəncəliyev: "Heydər Əliyevin hakimiyyətə qayıdışı yeni dövrün başlanğıcı idi"

“Bu gün biz 15 İyun – Milli Qurtuluş Gününə yaxınlaşdıqca həm Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışını, həm də ölkəmizin yaxın tarixində baş vermiş mühüm prosesləri bir daha xatırlayırıq. Həmin hadisələrə nəzər saldıqda aydın şəkildə görürük ki, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi ilə ölkəmizin və xalqımızın həyatında böyük bir tarixi dönüş baş verdi. Tariximizin yeni bir səhifəsi, hətta yeni bir mərhələsi başladı”.

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev danışıb.

Deputat deyib ki, 1993-cü il iyunun 15-də Heydər Əliyev hakimiyyətə qayıdarkən Azərbaycan son dərəcə ağır və mürəkkəb vəziyyətlə üz-üzə idi.

“Bir tərəfdən AXC-Müsavat cütlüyünün yarıtmaz idarəçiliyi ölkəni uçuruma aparırdı, o biri tərəfdən Ermənistanın təcavüzü və işğalçılıq siyasəti davam edirdi. Azərbaycan faktiki olaraq mövcudluq, yəni ekzistensial təhlükə ilə qarşı-qarşıya qalmışdı. Həm daxili, həm də xarici destruktiv qüvvələr sanki əl-ələ verərək ölkəmizin taleyini qaranlıq istiqamətə sürükləyirdilər.

Lakin Ümummilli Lider hakimiyyətə gəldi və ölkədə hökm sürən böhranın qarşısını aldı. İlk növbədə sabitlik təmin edildi, dövlətçiliyin əsasları möhkəmləndirildi və güclü dövlətçilik ənənələrinin təməli qoyuldu. Azərbaycan dövləti güclənməyə başladı, ordu quruculuğu sürətləndirildi, iqtisadiyyat isə dirçəliş mərhələsinə qədəm qoydu. Daha sonra “Əsrin müqaviləsi”nin imzalanması ölkənin inkişafına yeni təkan verdi və Azərbaycan sürətli iqtisadi yüksəliş dövrünə daxil oldu.

Bütün bunlar Heydər Əliyevin uzaqgörən baxışının, strateji düşüncəsinin və dövlətçilik təfəkkürünün nəticəsi idi”.

Sonrakı mərhələdə isə Azərbaycan yeni bir inkişaf dövrünə qədəm qoydu.

“2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, güclü ordu quruculuğunun davam etdirilməsi və Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kursun uğurla inkişaf etdirilməsi ölkəmizin gücünü daha da artırdı.

Nəticədə Azərbaycan 2020-ci ildə artıq kifayət qədər güclənmiş, iqtisadi, siyasi və hərbi potensialını əhəmiyyətli dərəcədə artırmış bir dövlət kimi 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdı. Azərbaycan Ordusu düşməni darmadağın etdi, Ermənistanın işğal siyasətinə son qoydu və onun hərbi-siyasi planlarını iflasa uğratdı. Beləliklə, biz yalnız Ermənistan üzərində qələbə qazanmadıq, eyni zamanda regionda yeni reallıqların əsasını qoyduq, güclü Azərbaycanın yeni inkişaf mərhələsinin bünövrəsini formalaşdırdıq”, – deyə deputat bildirib.

Deputatın sözlərinə görə, bu baxımdan 15 İyun tarixi təkcə Milli Qurtuluş Günü kimi deyil, həm də müasir Azərbaycanın formalaşmasının başlanğıc nöqtəsi kimi xüsusi əhəmiyyət daşıyır.

Tural Gəncəliyev hesab edir ki, təsadüfi deyil ki, 2021-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi də məhz 15 iyun tarixinə təsadüf edib. Bunun həm güclü rəmzi mənası, həm siyasi məzmunu, həm də geosiyasi və strateji əhəmiyyəti var.

“Bütün bunlar göstərir ki, Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yoluna sadiq qalaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında bütün əsas strateji məqsədlərinə nail olub və bu gün regionun aparıcı güc mərkəzlərindən birinə çevrilib.

Artıq Azərbaycan təkcə Cənubi Qafqaz çərçivəsində deyil, daha geniş coğrafiyada söz sahibidir. Ölkəmizin güc proyeksiyası və təsir imkanları Cənubi Qafqazı aşaraq Böyük Avrasiya məkanını əhatə edir. Bu gün regionda Azərbaycanın iştirakı və mövqeyi nəzərə alınmadan nə siyasi, nə iqtisadi, nə də digər mühüm layihələrin həyata keçirilməsi mümkündür.

Bu isə Azərbaycanın layiq olduğu mövqeyə yüksəlməsinin göstəricisidir. Şübhəsiz ki, bu uğurların təməlində Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik prinsiplərinə sadiqlik, onun siyasi irsinin davam etdirilməsi və milli maraqlara əsaslanan strateji kursun ardıcıl şəkildə həyata keçirilməsi dayanır”, – deyə deputat bildirib.

İradə Cəlil, bizimyol. info

Son xəbərlər
Bütün xəbərlər »