Pakistanın baş naziri Şahbaz Şərif bildirib ki, ABŞ və İran Yaxın Şərqdə davam edən müharibənin dayandırılması üçün hazırlanmış sazişin mətnində razılığa gəliblər. Onun sözlərinə görə, hazırda vasitəçilər tərəflərlə birlikdə razılaşmanın yekunlaşdırılması və imzalanması üçün son mərhələdə işləyirlər.
Bizimyol.info xəbər verir ki, Şərif “X” platformasında paylaşımında qeyd edib ki, tərəflər artıq “yekun və razılaşdırılmış mətndə” ortaq mövqeyə gəlib və sülhün çox yaxın olduğunu bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi də açıqlamasında sülh sazişinin imzalanmasının “heç vaxt indiki qədər yaxın olmadığını” vurğulayıb. ABŞ prezidenti Donald Tramp isə danışıqlarda irəliləyiş olduğunu təsdiqləyən paylaşımı sosial şəbəkədə bölüşüb.
Danışıqlarda əsas mübahisə mövzularından biri İranın nüvə proqramıdır. ABŞ və İsrail İranın nüvə silahı hazırlaya biləcəyindən ehtiyat edir, Tehran isə proqramın yalnız sülh məqsədli olduğunu bildirir. ABŞ tərəfinin yüksək rütbəli nümayəndəsinin sözlərinə görə, razılaşma İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının çıxarılması və ya məhv edilməsi prosesini də nəzərdə tutur. Bu prosesin texniki detalları 60 gün ərzində dəqiqləşdiriləcək.
Eyni zamanda Hörmüz boğazının təhlükəsizliyi və açıq qalması da razılaşmanın əsas şərtlərindən biri kimi göstərilir. İran isə bu keçiddən istifadə edən gəmilər üçün rüsum tətbiq etdiyini bildirir.
Razılaşmanın vasitəçilərindən biri kimi Pakistanın, xüsusilə ordu rəhbəri Asim Munirin fəal rol oynadığı qeyd olunur. Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və Qətər də diplomatik dəstək verən ölkələr sırasındadır.
Tərəflərin yaxın günlərdə sazişi imzalamağa hazırlaşdığı bildirilir.
Qadir, Bizimyol.info






