Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Onkoloqdan xəbərdarlıq: "Qəlyan, elektron siqaret, alkoqol, “fast-food”..."
Onkoloqdan xəbərdarlıq: "Qəlyan, elektron siqaret, alkoqol, “fast-food”..."

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 min 144 nəfər qeydiyyata alınıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, ilk dəfə diaqnoz qoyulan xəstələrin 6 min 787 nəfəri kişi, 8 min 357-si isə qadın olub.

Ayrı-ayrı lokalizasiyalar üzrə ilk dəfə qeydə alınan xəstələrin sayı ağız boşluğu və udlaq xərçəngi üzrə 237, dodaq xərçəngi üzrə 21, qida borusu xərçəngi üzrə 463, mədə xərçəngi üzrə 1 392 nəfər təşkil edib.

Bundan başqa, düz bağırsaq, onunla siqmavari bağırsağın birləşməsi və anus nahiyəsinin bədxassəli yenitörəmələri ilə bağlı 832, qırtlaq xərçəngi üzrə 199, traxeya, bronx və ağciyər xərçəngi üzrə 1 480, süd vəzisi xərçəngi üzrə 2 928, dərinin melanoması üzrə isə 47 nəfər ilk dəfə qeydiyyata alınıb.

Bu göstəricilərə əsasən, hər gün orta hesabla 41 nəfərə xərçəng xəstəliyi diaqnozu qoyulur.

Komitədən verilən məlumata əsasən, 2025-ci ildə tibb müəssisələrində qeydiyyatda olan bədxassəli yenitörəməli xəstələrin ümumi sayı 74 004 nəfər olub.

Qeydiyyatda olan xəstələrin 28 026-sı kişi, 45 978-i qadındır.

Yaş qrupları üzrə qeydiyyatda olan xəstələrin 952-si 0-17 yaş, 1 603-ü 18-29 yaş, 5 797-si 30-39 yaş, 32 452-si 40-59 yaş, 33 200-ü isə 60 və yuxarı yaş qrupuna aid olub.

  • Xərçəng diaqnozlarının artmasının əsas səbəbləri nədir?

Bu barədə Bizimyol.info xəbər portalına danışan tibb üzrə fəlsəfə doktoru, uzman, həkim-onkoloq Fərid Museyibov bildirib ki, xərçəng xəstəliyi günü-gündən artır və hətta cavanlaşır: “Öncə qeyd edim ki, bu yalnız Azərbaycanda deyil, ümumiyyətlə, bütün dünyada müşahidə olunur: xərçəng xəstəliyi günü-gündən artır və hətta cavanlaşır. Burada bir sıra amillər rol oynayır. Hər zaman deyirik ki, insanlar birinci növbədə mütləq qidalanmalarına diqqət yetirməlidirlər. Çünki onkoloji xəstəliklərin yaranmasının 50-60%-i düzgün və sağlam olmayan qidalanma ilə bağlıdır. Bu isə əsasən “fast food”, ultra emal olunmuş kolbasa və sosis məhsulları, dönər, hamburger kimi məhsullardan ibarətdir.

İkinci amil isə tütün məhsullarının son zamanlar geniş istifadəsi, alkoqoldan sui-istifadə, stress, artıq çəki, irsi-genetik faktorlar, uzun müddət günəş şüasına məruz qalmaq və zərərli zavod-fabriklərdə işləməkdir.

Bütün bu faktorlar onkoloji xəstəliklərin artmasına və cavanlaşmasına gətirib çıxarır.

Üçüncü faktor isə son zamanlar tütün məmulatlarından, xüsusən gənc qızlar arasında elektron siqaretin geniş istifadəsidir. Bu, qadınlar arasında həm süd vəzi xərçəngi, həm ağciyər xərçəngi, həm də ağız boşluğu xərçənginin sürətlə artmasının əsas amillərindən biridir.

Qəlyanı xüsusilə qeyd etmək istəyirəm: bəzi insanlar qəlyanı çox istifadə edirlər, amma bir qəlyan çəkmək 50 qutu siqaretə bərabərdir, amma insanlar elə düşünürlər ki, bunun zərəri yoxdur.

Əslində qəlyan və elektron siqaret tütün məmulatlarından daha zərərlidir. Ona görə bunlardan uzaq durmağı tövsiyə edirəm”.

Fərid Museyibov deyib: “Xüsusilə bir məsələni qeyd edim ki, 2 gün öncə ölkəmizdə aparılan statistikaya görə, təxminən 1 milyon insan artıq çəkidən əziyyət çəkir. Bu, əhalinin sayına görə bu, təxminən 10%-ə bərabərdir.

Təsəvvür edin, onkoloji xəstəliklərin bu qədər artmasının əsas səbəblərindən biri də artıq çəkinin olmasıdır. Bu, çox önəmli faktordur. Başqa bir məsələ isə fiziki aktivliyin az olmasıdır. Fiziki aktivlik az olduqda immunitet sistemi zəifləyir və bu, onkoloji xəstəliklərin yaranmasının səbəblərindən biridir”.

Fərid Museyibov həmçinin vurğulayıb: “3-4 gün öncə aparılan statistikaya görə, psixi sağlamlıqla bağlı problemlər yaşayan insanların sayı da çoxalmaqdadır. Burada stress amilləri böyük rol oynayır və bu, onkoloji xəstəliklərin yaranmasının əsas səbəblərindən biridir. Xüsusilə uşaqlara diqqət etmək lazımdır ki, “fast food” qidalardan, cipsi məhsullarından və qazlı içkilərdən uzaq olsunlar.

Xəstəliyin qarşısını almağın yeganə yolu erkən diaqnozdur. Ona görə də ildə 1-2 dəfə, ağrı olub-olmadığına baxmayaraq, vaxtında həkimə müraciət etmək vacibdir.

Təəssüf ki, bizə müraciət edən 10 pasiyentdən 8-9-u xəstəliyin 3-cü və ya 4-cü mərhələsində gəlir və bu halda artıq kömək etmək mümkün olmur. Ona görə də hər zaman deyirik: vaxtında müraciət edin ki, erkən diaqnoz qoyulsun və vaxtında müalicəyə başlaya bilək. Əgər pasiyent 1-ci və 2-ci mərhələdə müraciət etsəydi, tam sağalma şansı vardı”.

Fərid Museyibov əlavə edib: “Gənc qızlarımız ana olduqdan sonra təəssüf ki, uşaqlarını ana südü ilə qidalandırmırlar. Bu da qadınlar arasında süd vəzi xərçənginin sürətlə artmasına səbəb olur. Hər zaman qeyd edirik ki, ana südü ilə qidalanma həm uşaq üçün faydalıdır, həm də ana üçün. Bu, gələcəkdə süd vəzi xərçənginin, eyni zamanda uşaqlıq boynu xərçənginin qarşısının alınmasında mühüm rol oynayır. Başqa bir faktor isə viruslardır.

Viruslar qadınlar arasında qaraciyər, mədə və süd vəzi xərçənginin artmasına təsir göstərə bilər. Ona görə də hər hansı iltihabi proses olduqda vaxtında müalicə olunmalıdır ki, gələcəkdə bədxassəli şişə çevrilməsin”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »