Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: İnzibati Xətalar Məcəlləsinə yeni 388-4-cü maddə əlavə olunur
Deputat: İnzibati Xətalar Məcəlləsinə yeni 388-4-cü maddə əlavə olunur

Azərbaycanda yaş məhdudiyyəti tətbiq olunan sosial şəbəkə platformaları üçün yeni məsuliyyət və cərimələrin nəzərdə tutulduğu qanun layihəsi hazırlanıb. Layihəyə əsasən, platformalar istifadəçilərin yaşını yoxlamalı və yeniyetmələrin təhlükəsizliyini təmin etməlidir. Həmçinin, dövlət orqanlarının sorğularına vaxtında cavab verilməsi tələbi də irəli sürülür. Bu qaydaların pozulması hallarında hüquqi şəxslər üçün cərimələrin 50 min manatadək artırılması nəzərdə tutulur.

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda qanunvericilikdə 16 yaşa qədər olan uşaqların rəqəmsal asılılığının qarşısının alınması və eyni zamanda onların rəqəmsal təhlükəsizliyinin təmin olunması üçün çox vacib bir qanun layihəsi müzakirəyə çıxarılıb.

Burada önəmli olan məsələ ilk növbədə uşaqların psixoloji durumuna təsir edən amillərin qarşısının alınmasıdır. Bu, ən azından İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiya mühafizəsi haqqında” qanunda, o cümlədən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunda zəruri dəyişikliklərin edilməsi ilə bağlıdır.

“Bir tərəfdən yaşla bağlı məhdudiyyətin tətbiq olunması, digər tərəfdən isə həmin məhdudiyyətlərin təmin olunması üçün provayderlərin məsuliyyətini artıracaq müddəaların yer alması nəzərdə tutulur. Qanun layihəsi bütövlükdə bu sahədə uşaqların təhlükəsizliyinin və xüsusilə də virtual mühitdə onların hüquqlarının effektiv şəkildə təmin olunmasına xidmət edən şəraitin yaradılmasına yönəlib.

Burada əsas məqamlardan biri də platformalar və şəbəkələr üzərindən bu kimi xidmətləri təqdim edən provayderlərin məsuliyyətinin artırılmasıdır. Çünki məsələyə bir neçə aspektdən baxdıqda görürük ki, yanaşma müxtəlif istiqamətləri əhatə edir. Onlardan biri tələblərin pozulmasına görə nəzərdə tutulan cərimə sanksiyalarının tətbiq olunmasıdır”, – deyən deputat bildirib ki, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər və korporasiyaların nümayəndəlikləri ilə bağlı münasibətlər də bu çərçivəyə daxildir.

Qanun layihəsində İnzibati Xətalar Məcəlləsinə yeni maddənin – 388-4-cü maddənin əlavə olunması nəzərdə tutulur. Bu maddə konkret olaraq qeyd olunan tələblərin pozulmasına görə aidiyyəti platformaların məsuliyyət daşımasını təsbit edir.

Deputat vurğulayıb ki, burada bir neçə qayda pozuntusu nəzərdə tutulur: yaş məhdudiyyətindən yayınma, yaş məhdudiyyətinin düzgün göstərilməməsi ilə qeydiyyatdan yayınma halları, qeydiyyatdan keçmiş şəxslərin məlumatlarının üçüncü şəxslərə ötürülməsi, eləcə də fərdi məlumatların sosial şəbəkə platformaları və provayderlərin informasiya sistemlərində saxlanılması və onların icazəsiz istifadəsi kimi hallar.

Bu tələb eyni zamanda fərdi məlumatların yalnız yaşın yoxlanılması məqsədilə istifadə olunmasını nəzərdə tutur. Digər məqsədlər üçün, xüsusilə kommersiya məqsədilə istifadə qadağan edilir və bu, bilavasitə şirkətlərin məsuliyyət sahəsinə daxildir.

Bu yanaşma həm uşaqların, həm də yeniyetmələrin sosial şəbəkələrdə təhlükəsizliyinin artırılmasına, onların zərərli kontentdən uzaq tutulmasına xidmət edir. Digər tərəfdən isə onların sağlamlığının qorunması və rəqəmsal mühitə nəzarətin gücləndirilməsi baxımından vacib addımdır.

Deputat vurğulayıb ki, bu qanun layihəsi yeni bir mərhələnin başlanğıcıdır və çox vacib bir sənəddir. Lakin bu sahə zamanla təkmilləşdirilməlidir. Rəqəmsallaşma dövründə və texnologiyaların sürətlə inkişaf etdiyi şəraitdə yeni yanaşmaların və tədbirlərin həyata keçirilməsi zəruridir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »