Rusiya prezidenti Vladimir Putin, hərbi uğursuzluqları kompensasiya etməyə və ölkə daxilində artan təzyiqləri azaltmağa çalışaraq Ukraynaya qarşı genişmiqyaslı yeni qış hücumu planlaşdıra bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə "New York Post" Qərb ekspertlərinin qiymətləndirmələrinə istinadən məlumat verib.
Bildirilir ki, Rusiyada iqtisadi vəziyyətin pisləşməsi, hərbi qüvvələrin toplanmasında problemlər və büdcə kəsirinin artması Kremlin vəziyyətini çətinləşdirir.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) baş elmi əməkdaşı Mariya Snegova hesab edir ki, Kreml qış dövründən Ukraynaya təzyiqi artırmaq üçün istifadə etməyə hazırlaşır.
Onun sözlərinə görə, yazda uğursuz nəticələnən hücumdan sonra Rusiya cəbhədə gözlənilən nəticəni əldə edə bilməyib və buna görə də yenidən mülki infrastrukturun kütləvi şəkildə vurulması taktikasına qayıda bilər. “Putin yenə qışı gözləyəcək ki, genişmiqyaslı zərbələri bərpa etsin və Donbas məsələsində güzəşt əldə etmək üçün humanitar böhran yaratsın”, - deyə Snegova bildirib.
Analitiklərin fikrincə, Rusiya hücumları yalnız enerji sisteminə deyil, həm də Ukraynanın dəmir yolu və su infrastrukturuna yönələ bilər ki, logistika və təchizat çətinləşsin deyə.
Eyni zamanda Kreml iqtisadi çətinliklərlə də mübarizə aparır. Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, ilin ilk beş ayında federal büdcə kəsiri 81,4 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur. Büdcə xərcləri 17% artıb, neft və qaz gəlirləri isə təxminən 30% azalıb.
Problemlərin daha bir göstəricisi kimi Rusiyanın qızıl ehtiyatlarının son 25 ilin ən böyük azalması qeyd olunur. Rusiya Mərkəzi Bankının məlumatına görə, təkcə apreldə qızıl ehtiyatı 5,7 ton azalıb.
“Rusiyanın qızıl ehtiyatı tükənir, əmək bazarında işçi qüvvəsi çatışmazlığı var və iqtisadiyyat ciddi zərbə alıb”, – deyə Rusiya üzrə Müharibənin Tədqiqi İnstitutunun nümayəndəsi Yekaterina Stepanenko bildirib.
İqtisadi çətinliklər Rusiyanın orduya insan cəlb etmə imkanlarına da getdikcə daha çox təsir edir. Ekspertlərin hesablamasına görə, may ayında müqaviləli hərbçilərin cəlb olunma tempi ayda təxminən 30 min nəfərə düşüb ki, bu da artıq Rusiya ordusunun döyüş itkilərindən azdır.
Buna görə də Rusiya hakimiyyəti tələbələri orduya cəlb etmək kampaniyalarını gücləndirib. Məlumatlara görə, gənclərə müqavilə imzalamaq müqabilində maliyyə güzəştləri, təhsil haqlarının silinməsi və digər imtiyazlar təklif olunur.
Daha əvvəl Kreml məhkumlar, o cümlədən ağır cinayətlərə görə cəza çəkən şəxslər arasında da hərbi rekrutasiya aparıb.
Analitiklərin fikrincə, iqtisadi vəziyyətin pisləşməsi və ordunun komplektləşdirilməsində çətinliklər Kremlin qeyri-populyar qərarlara getməsinə səbəb ola bilər.
Mümkün ssenarilər arasında yeni səfərbərlik dalğası, hərbçilərə və veteranlara ödənişlərin azaldılması, eləcə də iri biznes aktivləri üzərində dövlət nəzarətinin gücləndirilməsi qeyd olunur.
“Bu problemlərin çoxu nəhayət Putinin qarşısına çıxır”, - deyə Stepanenko qeyd edib.
Ekspertlər hesab edir ki, həm iqtisadi böhranın dərinləşməsi, həm də cəbhədə uğursuzluqlar Kremlini bu qış Ukraynaya qarşı yeni təzyiq vasitələri axtarmağa məcbur edə bilər.
Mətbuatın verdiyi məlumata görə, Rusiya qoşunları Donetsk vilayətində “qalalar zolağı” istiqamətində hücum prioritetlərini dəyişərək uğursuz Slavyansk cəhdlərindən sonra diqqəti Konstantinovkanın ələ keçirilməsinə yönəldib. Müharibənin Tədqiqi İnstitutunun analitiklərinə görə, 2026-cı ilin yaz-yay kampaniyasında əsas hədəf məhz Konstantinovka ola bilər.
Bizimyol.info






