Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Füzulidə yenilənən məktəbin açılışı: Xəzər Universiteti layihəsi reallaşdı
Füzulidə yenilənən məktəbin açılışı: Xəzər Universiteti layihəsi reallaşdı

​Xəzər Universiteti Dünya məktəbinin təşəbbüsü və maliyyə dəstəyi ilə yenidən qurulan Füzuli rayonu Qarabağ kənd tam orta məktəbində genişmiqyaslı yeniliklərdən sonra açılış mərasimi baş tutub.

Bizimyol.info xəbər verir ki, layihə çərçivəsində Qarabağ kənd tam orta məktəbi əsaslı təmir edilib, müasir standartlara cavab verən yeni akt zalı tikilib. Məktəb ətrafındakı asfalt örtüyü və digər zəruri infrastruktur elementləri yenilənərək şagird və müəllim heyətinin istifadəsinə verilib.

​8 iyun 2026-cı il tarixində baş tutan rəsmi açılış mərasimində ​“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin direktoru Aygün İsayeva, Füzuli Rayonu İcra Hakimiyyətinin əməkdaşları, Füzuli Rayonu Təhsil Sektorunun müdiri Ramella Məmmədova, Almaniyanın Berlin Azad Universitetinin (Freie Universität Berlin) doktorantı Nərmin Musayeva, ​şəhid ailələrinin üzvləri, kənd ziyalıları, yerli məktəbin kollektivi və digər qonaqlar yer alıb.

​Tədbirdən öncə qonaqlar Qarabağ kənd sakini, döyüşçü-fotoqraf Nurəhməd Vəliyevin 1-ci və 2-ci Qarabağ müharibələrinə həsr olunmuş fərdi foto-sərgisi ilə tanış olublar. Eyni zamanda məktəblilərin öz əlləri ilə hazırladıqları yaradıcılıq nümunələrindən ibarət sərgi də böyük maraqla qarşılanıb.

Xəzər Universiteti  ​

​Yeni akt zalında keçirilən rəsmi hissə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini birdəqiqəlik sükutla yad etməklə başlayıb. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əlihüseyn Yaqubov qonaqları salamlayaraq kollektiv adından görülən işlər üçün təşəkkürünü bildirib.

​Çıxış edən Füzuli Rayonu Təhsil Sektorunun müdiri Ramella Məmmədova, Füzuli RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ülkər Bayramlı, Avropa ölkələrində “Erasmus+” təlimçisi kimi fəaliyyət göstərən Sakit Abdullayev, şəhid atası Qulu Quliyev işğaldan azad edilmiş ərazilərdə dövlət tərəfindən aparılan geniş quruculuq işlərindən və təhsilə göstərilən diqqətdən söz açıblar. Çıxışçılar Dünya məktəbinin bu təşəbbüsünü özəl-dövlət əməkdaşlığının mükəmməl bir nümunəsi və ölkənin ümumi təhsil siyasətinə dəyərli töhfəsi kimi qiymətləndiriblər.

​Dünya məktəbinin rəhbəri Aygün İsayeva isə göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirərək Qarabağ kənd tam orta məktəbində belə bir layihəni reallaşdırmaqdan qürur duyduqlarını və bu regional təhsil ocağına dəstəyin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

​Mərasimin bədii hissəsində Qarabağ kənd tam orta məktəbinin şagirdləri hazırladıqları xüsusi proqramla çıxış ediblər. Məktəblilərin ifasında təqdim olunan milli rəqs, gimnastika nümunəsi və maraqlı səhnəciklər qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Xəzər Universiteti Dünya məktəbi qurulan sıx əməkdaşlıq əsasında artıq 3 ilə yaxındır ki, Füzuli rayonu Qarabağ kənd tam orta məktəbinin inkişafına öz töhfəsini verməkdə davam edir. Ötən müddət ərzində tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsi məqsədilə çoxsaylı səfərlər və səmərəli görüşlər keçirilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »