İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İordaniyada yerləşən ABŞ-a məxsus Əl-Əzraq aviabazasına raket zərbələri endirdiyini və nəticədə Amerika Hərbi Hava Qüvvələrinə aid bir sıra qırıcı təyyarələrin məhv edildiyini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, İİKK-nin yaydığı rəsmi bəyanatda bildirilib ki, qurumun Aerokosmik Qüvvələri əməliyyat zamanı 12 ballistik raketdən istifadə edib. Məlumata əsasən, zərbələr ABŞ ordusuna məxsus "F-35", "F-15" və "F-16" tipli qırıcıların yerləşdiyi mövqelərə, eləcə də Əl-Əzraq aviabazasında yerləşən əsas hərbi obyektlərə və komanda mərkəzinə endirilib.
Bəyanatda qeyd olunub ki, hücum nəticəsində “strateji obyektlər və çox sayda qırıcı təyyarə tamamilə məhv edilib”. İİKK əməliyyatı ABŞ-ın bölgədəki fəaliyyətlərinə cavab kimi qiymətləndirib.
Məlumatı İranın "Tasnim" xəbər agentliyi yaysa da, ABŞ Müdafiə Nazirliyi və ya İordaniya rəsmiləri hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər. Hücumla bağlı məlumatların müstəqil mənbələr tərəfindən təsdiqlənmədiyi vurğulanır.
Əl-Əzraq aviabazası İordaniyanın şərqində yerləşir və bölgədə ABŞ hərbi qüvvələrinin istifadə etdiyi mühüm strateji obyektlərdən biri hesab olunur. Baza Yaxın Şərqdə aparılan hərbi əməliyyatlar və hava missiyaları üçün əsas mərkəzlərdən biri kimi tanınır.
Son aylarda İranla ABŞ arasında regiondakı gərginlik daha da artıb. Xüsusilə Yaxın Şərqdəki hərbi mövcudluq, qarşılıqlı təhdidlər və müxtəlif silahlı qrupların fəaliyyəti fonunda tərəflər arasında münasibətlər kəskin olaraq qalır.
Ekspertlər bildirirlər ki, əgər İİKK-nin açıqladığı məlumatlar təsdiqini tapsa, bu, regionda hərbi-siyasi vəziyyətə ciddi təsir göstərə və qarşıdurmanın yeni mərhələyə keçməsinə səbəb ola bilər.
Qadir, Bizimyol.info






