İyunun 11-nə keçən gecə ABŞ və İran ardıcıl ikinci gün bir-birinin obyektlərinə zərbələr endirib. Bu, iki ölkə arasında gərginliyin daha da artdığını göstərir.
Bizimyol.info xəbər verir ki, Qərb KİV-lərinin məlumatına görə, eskalasiyanın yeni mərhələyə keçməsinin əsas səbəblərindən biri Vaşinqton və Tehran arasında mümkün razılaşma ilə bağlı danışıqların uzanmasıdır.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, Hörmüz boğazı yaxınlığında İran qüvvələri ABŞ-a məxsus "AH-64 Apache" helikopterini vurub. Ağ Ev rəhbəri buna cavab veriləcəyini bəyan etmiş və iyunun 10-na keçən gecə tərəflər arasında qarşılıqlı hücumlar başlamışdı.
Daha sonra Tramp İranı danışıqları qəsdən uzatmaqda ittiham edib və tərəqqinin olmamasına görə Tehranın “bunun əvəzini ödəyəcəyini” bildirib. O, jurnalistlərə açıqlamasında yeni zərbələrin hazırlandığını da deyib.
Verilən məlumata görə, ABŞ prezidenti Ağ Evin situasiya mərkəzində müşavirə keçirib. Görüşdə İrana təzyiqi artırmaq məqsədilə məhdud müddətli, lakin genişmiqyaslı hərbi əməliyyat variantları müzakirə olunub. Az sonra ABŞ müdafiə naziri Pit Heqset Amerika qüvvələrinin yaxın saatlarda yeni zərbələr endirə biləcəyini təsdiqləyib.
ABŞ Mərkəzi Komandanlığı daha sonra İrana qarşı növbəti hərbi əməliyyatın başlandığını açıqlayıb. KİV-lərin məlumatına görə, partlayış səsləri Tehranın ətrafı və Hörmüz boğazı bölgəsi daxil olmaqla ölkənin bir neçə ərazisində eşidilib. Ən azı iki hücum dalğasının həyata keçirildiyi bildirilib.
Bundan sonra İran hərbi qüvvələri Hörmüz boğazının gəmiçilik üçün bağlandığını elan edib və boğazdan keçməyə ediləcək hər hansı cəhdin qarşısının alınacağını bəyan edib. Lakin Mərkəzi Komandanlıq nümayəndələri ticarət gəmilərinin hərəkətinin hər iki istiqamətdə davam etdiyini bildiriblər.
"Fox News" əməliyyat zamanı Donald Trampla telefon danışığı apardığını açıqlayıb. Məlumata görə, ABŞ prezidenti İran nümayəndələri ilə birbaşa təmasların olduğunu və Tehranın bombardmanların dayandırılmasını istədiyini bildirib. Tramp zərbələrin yaxın vaxtlarda başa çatacağını desə də, İran razılaşmaya getməyəcəyi təqdirdə ABŞ-ın hərbi təzyiqləri davam etdirməyə hazır olduğunu vurğulayıb.
ABŞ prezidenti əməliyyat zamanı İrana qarşı 49 “Tomahawk” raketinin buraxıldığını və qırıcı aviasiyadan istifadə edildiyini də açıqlayıb. Yerli vaxtla təxminən saat 04:00-da Mərkəzi Komandanlıq zərbələr seriyasının başa çatdığını elan edib. Hədəflər arasında İranın rabitə sistemləri, müşahidə vasitələri və hava hücumundan müdafiə obyektlərinin olduğu bildirilib.
Mərkəzi Komandanlıq qeyd edib ki, ABŞ-ın addımları İranın davam edən aqressiyasına cavab xarakteri daşıyır və Amerika qüvvələri zərurət yaranacağı halda əlavə əməliyyatlara hazır vəziyyətdə qalır.
Öz növbəsində, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ hücumlarının infrastruktur obyektlərinə, sahil postlarına və Bəndər-Abbas hava limanı ətrafındakı ərazilərə yönəldiyini bildirib. İran tərəfi həmçinin Bəhreyndəki aviabaza və Küveytdə yerləşən iki baza da daxil olmaqla 18 mühüm hədəfə zərbələr endirdiyini iddia edib.
Lakin CNN telekanalının məlumatına görə, son saatlarda Küveytdə hava həyəcanı siqnalları qeydə alınmayıb.
Qadir, Bizimyol.info






