Sosial Tədqiqatlar Mərkəzinin apardığı sorğunun nəticələrinə görə, valideynlərin 43 faizi öz azyaşlı övladlarını sosial şəbəkələrdə yayılan zərərli məzmundan qoruya bilmir.
Bizimyol.info xəbər verir ki, bunu Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə deyib.
İnzibati Xətalar Məcəlləsinə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna, eləcə də "Uşaqların zərərli informasiyalardan qorunması haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin bu gün Medianın İnkişafı Agentliyində keçirilən müzakirəsində çıxış edən Elmir Vəlizadə bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində uşaqları sosial şəbəkələrdəki zərərli informasiyalardan qoruyan qanunlar var. Elmir Vəlizadə deyib ki, belə qanunu ilk olaraq Avstraliya qəbul edib. Sonra başqa ölkələrdə də qanunlara uşaqların sosial mediadan istifadəsini məhdudlaşdıran normalar əlavə edilib, yaxud ayrıca qanun qəbul olunub. Avstraliyadan sonra İndoneziya, daha sonra başqa ölkələr bu addımı atıb. ABŞ, Böyük Britaniya, Kanada, Çin və sair kimi inkişaf etmiş ölkələr müxtəlif yaş dərəcələrində olan uşaqların sosial mediada hesab açmasını yasaqlayıb. Fransada və Avropa İttifaqına üzv olan başqa ölkələrdə, eləcə də, qardaş Türkiyədə bu cür qanunlar var.
Bütün bunlara əsaslanaraq, Elmir Vəlizadə deyib ki, Azərbaycan da cəmiyyətinin yeni nəslini zərərli məzmunlardan qorumaq məqsədilə qanunvericiliyə müvafiq dəyişikliklər edir.
Seyid Əhmədli, Bizimyol.info






