Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər plastik tullantılardan aviasiya yanacağı istehsal etməyi təklif ediblər
Alimlər plastik tullantılardan aviasiya yanacağı istehsal etməyi təklif ediblər

Nankin Meşə-Texniki Universiteti, Tsinxua Universiteti və digər elmi mərkəzlərin alimləri plastik tullantıların yüksək temperatur və hidrogen vasitəsilə aviasiya yanacağında istifadə olunan karbohidrogenlərə çevrilməsi üsulunu hazırlayıblar.

Bizimyol.info xəbər verir ki, tədqiqatın əsas yeniliyi atom səviyyəsində dispersləşdirilmiş rutenium mərkəzləri əsasında yaradılmış xüsusi katalizatordur. Alimlərin sözlərinə görə, bu katalizator kimyəvi reaksiyaların daha dəqiq idarə olunmasına imkan verir və emal prosesinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.

Yeni texnologiya iki mərhələdən ibarətdir. Birinci mərhələdə plastik tullantılar təxminən 460 dərəcə Selsi temperaturunda hidropiroliz prosesinə məruz qalır və nəticədə ara birləşmələrə parçalanır. Daha sonra yaranan buxarlar təxminən 160 dərəcə temperaturda katalizatordan keçirilərək yüksək miqdarda sikloalkan tərkibli karbohidrogen yanacağına çevrilir.

Tədqiqatçılar bildirirlər ki, yeni üsul yüksək seçicilik və məhsuldarlıqla reaktiv yanacaq əldə etməyə imkan verir. Onların sözlərinə görə, prosesin əsas mərhələlərində texnologiyanın effektivliyi ənənəvi katalizatorlarla müqayisədə 100 dəfədən çox yüksəkdir.

Aparılan texniki-iqtisadi təhlillər göstərib ki, bu üsulla istehsal olunan yanacağın dəyəri hər kiloqram üçün 1–1,8 ABŞ dolları arasında dəyişə bilər. Bu isə onu ənənəvi aviasiya yanacağı ilə rəqabət apara biləcək alternativə çevirir.

Araşdırma müəllifləri qeyd edirlər ki, texnologiya sənaye miqyasında tətbiq oluna və müxtəlif növ plastik tullantılara uyğunlaşdırıla bilər. Onların fikrincə, bu yenilik həm ətraf mühitin çirklənməsinin azaldılması, həm də aviasiya sənayesi üçün alternativ enerji mənbələrinin inkişafı baxımından böyük perspektivlər açır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »