Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ev heyvanları qatarlarda necə daşınır? – Rəsmi qaydalar açıqlandı
Ev heyvanları qatarlarda necə daşınır? – Rəsmi qaydalar açıqlandı

Son zamanlar ev heyvanları ilə səyahət edənlərin sayı artdıqca, onların nəqliyyat vasitələrində daşınması qaydaları da daha çox maraq doğurur. Qatarla səfər etməyi planlaşdıran heyvan sahibləri üçün isə tələblər mövcuddur.

Bu qaydalara əməl olunması həm heyvanların, həm də digər sərnişinlərin rahatlığı baxımından vacibdir.

Azərbaycan Dəmir Yollarının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Bizimyol.info-ya açıqlamasında bildirib ki, dəmir yolu nəqliyyatında kiçik ev heyvanlarının daşınması müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir.

Onun sözlərinə görə, sərnişinlər bilet alarkən heyvanların daşınma şərtləri ilə əvvəlcədən tanış olmalıdırlar.

Qaydalara əsasən, pişik, it, tutuquşu və digər kiçik ev heyvanları yalnız xüsusi qutu, səbət, qəfəs və ya konteynerdə daşına bilər. Heyvanla birlikdə konteynerin ümumi çəkisi 10 kiloqramdan, üç ölçüsünün cəmi isə 140 santimetrdən artıq olmamalıdır.

Bəxtiyar Haclyevin sözlərinə görə, səfər müddətində heyvan sahibinin üzərinə bir sıra məsuliyyətlər də düşür. Belə ki, konteyner təmiz saxlanmalı, sanitar-gigiyenik qaydalara riayət edilməli, heyvanın ifrazatları vaxtında təmizlənməlidir. Digər sərnişinlərin narahat olmaması üçün heyvanın davranışına nəzarət etmək, onu vaxtında yemləmək və sakitliyini təmin etmək də heyvan sahibinin vəzifəsidir.

Qatara minik zamanı heyvanın baytarlıq arayışı və ya pasportu təqdim edilməlidir. Baytarlıq arayışı verildiyi tarixdən etibarən bir ay, pasport isə son peyvənd və ya müayinədən sonra bir il müddətində etibarlı hesab olunur.

Xarici ölkələrdə verilmiş pasportlar üçün isə tərcümə və notarial təsdiq tələb edilir.

Xatırladaq ki, aqressiv davranış göstərən, xəstə görünən, çirkli və ya xoşagəlməz qoxu yayan heyvanların daşınmasına icazə verilmir.

Səfər zamanı heyvanın qəfəsdən və ya konteynerdən çıxarılması da qadağandır.

Bəxtiyar Hacıyev bildirib ki, rayonlararası oturacaq tipli müasir sərnişin qatarlarında müəyyən edilmiş norma çərçivəsində kiçik ev heyvanlarının daşınmasına icazə verilir. Lakin rayonlararası və beynəlxalq yataq tipli vaqonlardan ibarət qatarlarda belə bir imkan yoxdur.

Şəhərətrafı qatarlarda isə sərnişin yalnız bir kiçik ev heyvanı ilə səyahət edə bilər. Bu zaman da konteynerin ölçü və çəki tələblərinə uyğun olması, eləcə də baytarlıq sənədlərinin təqdim edilməsi vacibdir.

Əlilliyi olan şəxsləri müşayiət edən bələdçi itlər üçün xüsusi güzəştlər tətbiq olunur. Onların bütün növ vaqonlarda ödənişsiz daşınmasına icazə verilir və əlavə daşıma sənədinin rəsmiləşdirilməsi tələb olunmur.

Qeyd edək ki, hazırda beynəlxalq istiqamətlərdə, o cümlədən Bakı–Tbilisi–Bakı marşrutu üzrə ev heyvanlarının daşınmasına icazə verilmir. Bununla belə, gələcəkdə beynəlxalq qatar marşrutlarında da heyvanların daşınması üçün şərait yaradılması istisna edilmir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »