Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: "Moskva regionu hələ də “nəzarət zonası” kimi görür"
Politoloq: "Moskva regionu hələ də “nəzarət zonası” kimi görür"

Sergey Mixeyev Vladimir Solovyovun efirində Rusiyanın postsovet ölkələrinin “mövcudluğunun yeganə qarantı” olduğunu bildirib və Moskvanın regionda xüsusi rolunu vurğulayıb.

O, keçmiş SSRİ respublikaları ilə münasibətlərdə iqtisadi üstünlüklərin siyasi sədaqətlə əlaqələndirilməsi fikrini irəli sürüb.

Bu mövqelər Rusiyanın qonşu ölkələrlə münasibətlərinin hələ də güc və təsir mərkəzli yanaşma ilə izah olunduğu kimi şərh edilir.

Bu cür bəyanatlar region ölkələri ilə Rusiya arasında diplomatik münasibətləri daha da gərginləşdirə bilərmi?

Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu yanaşma əslində Rusiyanın hələ də dövlət siyasətini ekspansiya məntiqi üzərində qurduğunu göstərir. Postsovet məkanına münasibətdə bu ölkə hələ də keçmiş təsir dairəsini qorumağa çalışır və bəzən bu regiona faktiki olaraq özünün tarixi “nəzarət zonası” kimi yanaşdığı təsəvvürü yaranır.

O qeyd edir ki, inandırmağa çalışırlar ki, onların nəzarəti olmasa bu ölkələr müstəqil deyil, onların suverenliyi təhlükə altındadır. Dolayısı ilə keçmiş sovet respublikalarına qarşı təhlükə və təhdid elə Rusiyanın özüdür. Bu siyasətin aparılmasının belə rəsmi şəkildə etirafı da gerçəkliyi ortaya qoyur.

Politoloqun fikrincə, bu yanaşma bir daha region ölkələrinin toparlanıb Rusiyadan uzaqlaşmasının vacibliyini ortaya çıxarır. Eyni zamanda bu, Rusiyanın imkanı olarsa region ölkələrinə yumşaq güc deyil, sərt gücdən də istifadə edə biləcəyini göstərir. Bunun üçün ideoloji zəmin də mövcuddur. Ona görə də bölgə dövlətləri Rusiyadan uzaqlaşmalıdır.

“Ukraynanın yaşadığını digər ölkələrin yaşamaması üçün daha ciddi siyasi qərarlar verilməlidir. Bu dövlətlərin təhlükəsizliyi üçün əlavə tədbirlər görülməlidir. Əlavə təhlükəsizlik təminatları, təhlükəsizlik çətirləri, müəyyən birliklər, müəyyən siyasi bloklar yaradıla bilər,” – deyə politoloq bildirib.

Onun fikrincə, əsas məqsəd mümkün təhdidlərin qarşısını almaq və dövlətlərin suverenliyini daha etibarlı şəkildə qorumaqdır. Region ölkələri üçün əsas məsələ təhlükəsizlik risklərini düzgün qiymətləndirmək və gələcəkdə mümkün geosiyasi gərginliklərə qarşı daha dayanıqlı sistem formalaşdırmaqdır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »