Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
15 İyun 1993: Azərbaycan dövlətçiliyində dönüş nöqtəsi
15 İyun 1993: Azərbaycan dövlətçiliyində dönüş nöqtəsi

“Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə taleyüklü günlər vardır ki, həmin tarixlər xalqın gələcək inkişaf yolunu müəyyənləşdirərək milli yaddaşın ayrılmaz hissəsinə çevrilmişdir. Bu baxımdan 15 İyun – Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin ən mühüm siyasi hadisələrindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Bu gün yalnız siyasi hakimiyyət dəyişikliyi ilə xarakterizə olunan bir tarix deyil, həm də Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsindən xilas edilməsi, müstəqilliyin qorunması və ölkənin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından mühüm mərhələdir.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan mürəkkəb və ziddiyyətli bir dövrə qədəm qoymuşdu. Sovet İttifaqının dağılmasından sonra ölkədə siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül, idarəetmə böhranı və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dövlətin mövcudluğunu ciddi təhlükə qarşısında qoymuşdu. Dövlət institutlarının zəifliyi, hakimiyyət uğrunda mübarizə, ayrı-ayrı silahlı dəstələrin özbaşınalığı və separatçı meyillər ölkənin gələcəyini sual altında saxlayırdı.

Xüsusilə 1992–1993-cü illərdə vəziyyət daha da ağırlaşmışdı. Ermənistan silahlı qüvvələrinin işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqları ardıcıl olaraq işğal edilir, minlərlə insan doğma yurdlarından didərgin düşürdü. Daxildə isə siyasi qarşıdurmalar və hakimiyyət böhranı dərinləşirdi. 1993-cü ilin iyun ayında baş verən hadisələr ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxarmışdı. Dövlətçiliyin itirilməsi, ölkənin parçalanması və müstəqilliyin təhlükə altına düşməsi real riskə çevrilmişdi.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. O qeyd edib ki, belə mürəkkəb və taleyüklü məqamda Azərbaycan xalqı öz xilaskarını görkəmli dövlət xadimi Heydər Əliyevin simasında gördü. Xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya dəvət olunan Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Məhz həmin gün Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi əbədiləşdi.

“Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə siyasi sabitliyin bərpası, dövlət idarəçiliyinin gücləndirilməsi və milli birliyin təmin olunması üçün yeni mərhələnin başlanğıcı oldu. Onun zəngin dövlətçilik təcrübəsi, uzaqgörən siyasəti və qətiyyətli addımları nəticəsində vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət institutları möhkəmləndirildi və ictimai-siyasi sabitlik təmin edildi.

Milli Qurtuluşdan sonra Azərbaycanın inkişaf strategiyası müəyyənləşdirildi. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi-demokratik dövlət quruculuğu, bazar iqtisadiyyatına keçid və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkənin iqtisadi inkişafında yeni mərhələ açaraq enerji resurslarının dünya bazarına çıxarılmasına, xarici investisiyaların cəlbinə və iqtisadi sabitliyin formalaşmasına şərait yaratdı.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilməyə başladı. Ordu quruculuğu sahəsində mühüm addımlar atıldı, milli təhlükəsizlik sistemi formalaşdırıldı, dövlət idarəçiliyində peşəkarlıq prinsipləri bərqərar edildi. Azərbaycanın beynəlxalq aləmdə mövqeləri möhkəmləndi və ölkə etibarlı tərəfdaş kimi tanındı” – deyə politoloq qeyd edib.

O bildirib ki, Milli Qurtuluş ideyaları sonrakı dövrlərdə də Azərbaycanın inkişafının əsas istiqamətlərini müəyyənləşdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkə siyasi, iqtisadi və hərbi sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətində qazanılan tarixi uğurlar da Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının məntiqi davamı kimi qiymətləndirilir.

“Bu gün Azərbaycan güclü iqtisadiyyata, müasir orduya, beynəlxalq nüfuza və müstəqil siyasətə malik dövlət kimi dünya birliyində layiqli yer tutur. Əldə olunan bütün uğurların təməlində isə 1993-cü ilin iyununda xalqın tələbi ilə başlanan Milli Qurtuluş yolu dayanır.

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının milli həmrəyliyinin, dövlətə və dövlətçiliyə sədaqətinin təcəssümüdür. Bu tarix müstəqilliyin qorunması, siyasi sabitliyin bərpası və davamlı inkişafın təmin olunması baxımından müstəsna əhəmiyyət daşıyır. Azərbaycan xalqı bu günü böyük ehtiramla qeyd edir, dövlətçiliyimizin xilası və möhkəmləndirilməsi naminə göstərilən xidmətləri minnətdarlıqla xatırlayır.

Milli Qurtuluş Günü hər bir azərbaycanlı üçün təkcə keçmişə ehtiram deyil, həm də gələcəyə inam, güclü dövlətçilik ənənələrinin yaşadılması və müstəqil Azərbaycanın daha da qüdrətlənməsi yolunda birlik və həmrəylik çağırışıdır” – deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »