ABŞ prezidenti Donald Tramp administrasiyası Avropa ölkələrini Ebola virusunun yayılması ilə bağlı narahatlıq fonunda səyahət məhdudiyyətləri tətbiq etməyə çağırıb. Bu addımın xüsusilə futbol üzrə dünya çempionatı dövründə virusun yayılmasının qarşısını almaq məqsədi daşıdığı bildirilir.
Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi diplomatik dairələrdəki mənbələrə və ABŞ rəsmilərinə istinadən yayıb.
Mənbələrin bildirdiyinə görə, Vaşinqton 1 iyun tarixində Avropa ölkələrinə rəsmi diplomatik sənəd göndərərək narahatlığını ifadə edib və Mərkəzi Afrikada — o cümlədən Konqo Demokratik Respublikası, Uqanda və Cənubi Sudanda — olmuş şəxslərin ölkəyə girişinə məhdudiyyətlərin tətbiqini tövsiyə edib. Avropa tərəfi hələlik bu çağırışa rəsmi cavab verməyib.
Bundan əvvəl ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) həmin ölkələrdə son 21 gün ərzində olmuş qeyri-vətəndaşların ABŞ-a girişini qadağan edib. ABŞ vətəndaşlarının isə müəyyən hava limanlarında gücləndirilmiş tibbi yoxlamalardan keçməsi tələb olunur.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, bu tədbirlər Ebola virusunun ölkə daxilinə yayılmasının qarşısını almağa yönəlib və ABŞ-da belə halların müalicəsi üçün xüsusi tibbi mərkəzlərin mövcud olduğunu vurğulayıb.
Dövlət Departamenti rəsmilərinin açıqlamasına görə, bu məhdudiyyətlər və eyni zamanda Ebola ilə mübarizə proqramlarına beynəlxalq maliyyə dəstəyi ABŞ-ın vəziyyətə ciddi yanaşdığını göstərir. Məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən beynəlxalq fövqəladə vəziyyət kimi qiymətləndirilən “Bundiubujiо” ştammının yayılması riskinə qarşı tədbirlər gücləndirilir.
Qadir, Bizimyol.info






