Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sülh sazişinin ünvanı uğrunda geosiyasi yarış: Moskva, Vaşinqton, yoxsa neytral platforma?
Sülh sazişinin ünvanı uğrunda geosiyasi yarış: Moskva, Vaşinqton, yoxsa neytral platforma?

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağı məkan artıq diplomatik prosedurdan daha çox geosiyasi rəqabətin predmetinə çevrilib. Həm Rusiya, həm də ABŞ yekun razılaşmanın əldə olunmasında öz rolunu ön plana çıxarmağa çalışır. Bu isə Cənubi Qafqazda təsir uğrunda mübarizənin yeni mərhələyə keçdiyini göstərir.

  • Sülh sazişinin imzalanması ilə bağlı geosiyasi mübarizədə hansı tərəfin mövqeləri daha güclü görünür?

Politoloq Elman Telmanoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişinin hansı platformada imzalanacağı təkcə diplomatik prosedur məsələsi deyil, həm də regionda təsir uğrunda gedən geosiyasi mübarizənin mühüm göstəricisidir.

Moskva, Vaşinqton və ya neytral beynəlxalq platformalardan birinin seçilməsi sənədin məzmununu dəyişməsə də, onun siyasi simvolizmi və regional güc balansına təsiri fərqli ola bilər:

“Moskvada imzalanacaq saziş Rusiyanın Cənubi Qafqazda əsas təhlükəsizlik aktoru statusunu qoruduğunu nümayiş etdirərdi. Bu halda Kreml uzun müddətdir zəifləyən regional təsirini qismən bərpa etmək imkanı əldə edə bilərdi. Xüsusilə Ukrayna müharibəsi fonunda Rusiyanın vasitəçi rolunda uğur qazanması onun beynəlxalq nüfuzuna əlavə siyasi dividend gətirərdi.

Vaşinqtonda və ya Qərbin dəstəklədiyi platformada imzalanacaq saziş isə regionun geosiyasi transformasiyasının davam etdiyini göstərərdi”.

Politoloqun fikrincə, bu ssenaridə ABŞ və Avropa diplomatiyası Cənubi Qafqazda daha fəal rol oynayan tərəf kimi çıxış edər, region ölkələrinin xarici siyasət manevr imkanlarının genişləndiyi mesajı verilərdi. Bu, xüsusilə Ermənistanın son illərdə Qərblə yaxınlaşma siyasəti fonunda diqqət çəkən nəticə olardı.

Elman Telmanoğlu hesab edir ki, sülh sazişinin neytral platformada imzalanması ehtimalı da istisna edilmir. Belə variant tərəflərin sənədin geosiyasi rəqabətin alətinə çevrilməməsinə çalışdıqlarını göstərə bilər. Bu halda əsas diqqət vasitəçilərin deyil, birbaşa Bakı və İrəvan arasında əldə edilmiş razılaşmanın üzərinə yönələr.

“Vaşinqton və Moskva arasında rəqabətin sülh prosesinə təsiri isə ikili xarakter daşıyır. Bir tərəfdən rəqabət tərəflərə daha çox diplomatik diqqət və vasitəçilik imkanları təqdim etdiyi üçün prosesi sürətləndirə bilər. Hər iki güc mərkəzi sülhün öz siyasi uğuru kimi təqdim edilməsində maraqlı olduğundan tərəflərə müəyyən təşviqlər verməyə çalışır. Digər tərəfdən, geosiyasi rəqabət prosesin mürəkkəbləşməsinə də səbəb ola bilər. Əgər sülh sazişi regional sabitlikdən daha çox böyük güclərin nüfuz mübarizəsinin predmetinə çevrilərsə, platforma seçimi, təhlükəsizlik mexanizmləri və nəqliyyat-kommunikasiya məsələləri üzrə əlavə fikir ayrılıqları yarana bilər. Bu baxımdan Vaşinqton-Moskva rəqabəti həm sürətləndirici, həm də ləngidici faktor kimi çıxış edir”, – deyən Elman Telmanoğlu vurğulayıb ki, mövcud mərhələdə geosiyasi mübarizədə hansı tərəfin daha güclü mövqedə olduğu sualına birmənalı cavab vermək çətindir.

Politoloq hesab edir ki, son illərin tendensiyası göstərir ki, Rusiyanın regiondakı təsiri əvvəlki dövrlərlə müqayisədə zəifləyib, ABŞ və Avropa isə diplomatik proseslərdə daha görünən rol oynamağa başlayıb. Buna baxmayaraq, Moskva hələ də regionun təhlükəsizlik arxitekturasında mühüm aktor olaraq qalır və tamamilə kənarda saxlanılması real görünmür:

“Sülh sazişinin harada imzalanmasından daha vacib məsələ onun uzunmüddətli və dayanıqlı mexanizmlərlə təmin edilməsidir. Platforma geosiyasi simvolizm baxımından önəm daşısa da, regionun gələcək siyasi balansını müəyyən edəcək əsas amil Bakı və İrəvan arasında əldə olunacaq razılaşmaların praktik icra səviyyəsi olacaq”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »