Bu ilin yaz aylarında Azərbaycanda müşahidə olunan intensiv yağıntılar bir sıra bölgələrdə sürüşmə və eroziya proseslərinin fəallaşmasına səbəb olub. Xüsusilə dağlıq və dağətəyi rayonlarda torpaq qatının həddindən artıq nəmlənməsi, geoloji dayanıqsızlıq və çay vadilərində eroziyanın güclənməsi nəticəsində müxtəlif miqyaslı sürüşmə hadisələri qeydə alınıb.
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Geosiyasət və iqtisadi coğrafiya laboratoriyasının müdiri coğrafiya elmləri doktoru, dosent Nəriman Paşayev mətbuata açıqlamasında bildirib ki, sürüşmələrdən ən çox zərər çəkən ərazilərdən biri Kiçik Qafqaz regionu olub. Onun sözlərinə görə, Gədəbəy və Daşkəsən rayonlarında sürüşmə prosesləri daha intensiv xarakter daşıyıb. Gədəbəy rayonunun Novoivanovka, Söyüdlü, Slavyanka və Çobankənd istiqamətlərində yerləşən yamaclarda torpaq hərəkətləri müşahidə edilib.
Nəriman Paşayev qeyd edib ki, Talış dağlıq zonasında da sürüşmə aktivliyi yüksək olub. Lerik, Yardımlı və Lənkəran rayonlarında baş verən sürüşmələr bəzi yaşayış məntəqələrində infrastruktura ziyan vurub. Lerik rayonunun Vizəzəmin, Piran, Mondigah və Rvarud kəndləri istiqamətində kənddaxili yolların müəyyən hissələri yararsız vəziyyətə düşüb.
Yardımlı rayonunun Avur və Perimbel kəndləri yaxınlığında isə sürüşmə nəticəsində yamaclarda dərin çatlar yaranıb. Mütəxəssisin sözlərinə görə, bəzi ərazilərdə sel və sürüşmə prosesləri eyni vaxtda müşahidə olunduğundan torpaq kütləsinin həcmi on minlərlə kubmetrə çatıb. Subtropik iqlim və yüksək rütubət Talış bölgəsində sürüşmə riskini daha da artıran əsas amillər sırasında göstərilir.
Quba–Qusar və Şabran–Siyəzən zonalarında da lokal xarakterli sürüşmə hadisələri qeydə alınıb. Xınalıq avtomobil yolu boyunca bəzi yamaclarda daş və torpaq uçqunları baş verib, nəticədə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Siyəzən rayonunda gil süxurlarının üstünlük təşkil etdiyi sahələrdə torpaq sürüşməsi kənd təsərrüfatı təyinatlı torpaqlarda deformasiyalara səbəb olub. Şabran rayonunun dağətəyi kəndlərində isə qrunt sularının səviyyəsinin yüksəlməsi nəticəsində bəzi fərdi yaşayış evlərində çatlar əmələ gəlib.(azərtac)






