Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: Bu proses regional sülh danışıqlarına ciddi təsir göstərmir
Politoloq: Bu proses regional sülh danışıqlarına ciddi təsir göstərmir

Bakı Apellyasiya Məhkəməsində Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib. Proses zamanı təqsirləndirilən şəxslərin hüquqlarının təmin olunması üçün tərcüməçilər və vəkillər iştirak edib, bəzi müdafiəçilərə çıxışa hazırlaşmaq üçün əlavə vaxt verilib. Arayik Harutyunyanın müdafiəçisi onun barəsində bəraət hökmü çıxarılmasını istəyib, Harutyunyan isə vəkilinin mövqeyini dəstəklədiyini bildirib.

  • Bu cür məhkəmə proseslərinin Azərbaycan–Ermənistan münasibətlərində gələcək sülh danışıqlarına təsiri ola bilərmi?

Politoloq Oqtay Qasımov Bizimyol. info xəbər portalına açıqlamasında bildirib ki, Bakıda mühakimə olunan şəxslərlə bağlı aparılan məhkəmə prosesinin Azərbaycan–Ermənistan münasibətlərinə ciddi təsir göstərəcəyi düşünülmür. Lakin Ermənistanda müəyyən qüvvələr və bəzi beynəlxalq təşkilatlar bu məsələni siyasi manipulyasiya alətinə çevirməyə çalışır və bununla Azərbaycana təzyiq göstərmək niyyəti güdürlər. Buna baxmayaraq, bu cəhdlərin real nəticə verəcəyi ehtimal edilmir.

“Bakıda mühakimə olunan şəxslərin əksəriyyəti Ermənistan hakimiyyətinin rəqibləri və ona müxalif mövqedə dayanan insanlardır. Bəziləri ilə hətta qarşılıqlı düşmənçilik münasibətlərinin olduğu bildirilir. Bu baxımdan, Ermənistan daxilində bəzi dairələrin öz siyasi rəqiblərinin zərərsizləşdirilməsində maraqlı ola biləcəyi də istisna edilmir”-deyən politoloq bildirib ki, hazırkı proses hüquqi xarakter daşıyır və həmin şəxslər Azərbaycan ərazilərində Azərbaycan dövlətinə və xalqına qarşı törədilmiş cinayətlərdə ittiham olunurlar. Məhkəmə qərarları da məhz bu ittihamlar əsasında verilir.

Bu məsələlərin Qafqazda ümumi proseslərə təsirinə gəldikdə isə, politoloq bildirib ki, bu ciddi bir təsiri olan məsələ deyil: “ Cənubi Qafqazda proseslərin irəliləməsi üçün daha çox siyasi iradəyə ehtiyac var. Bu, hüquqi proseslərdən çox, siyasi razılaşmalar və qarşılıqlı anlaşmalarla bağlı məsələdir. Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşdığı, sülh müqaviləsi imzalandığı təqdirdə bir çox humanitar məsələlər, o cümlədən fərdi işlər də müzakirə predmetinə çevrilə bilər. Yəni o zaman bu şəxsərin məsələsi müzakirəyə çıxarıla bilər. Yəni hazırkı şəraitdə bu mümkün görünmür”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »