Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elşad Mirbəşiroğlu: “Ermənistanda seçki bitdi, siyasi mübarizə davam edir”
Elşad Mirbəşiroğlu: “Ermənistanda seçki bitdi, siyasi mübarizə davam edir”

Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərin ilkin nəticələrini şərh edərək “Güclü Ermənistan”, “Ermənistan” və “Çiçəklənən Ermənistan” siyasi qüvvələrini “üçbaşlı müharibə partiyası” adlandırıb və onların məğlub olduğunu bildirib. O qeyd edib ki, seçicilər təkcə bu siyasi qüvvələrə deyil, həm də onların təmsil etdiyini iddia etdiyi cinayətkar-oliqarxik sistemə qarşı mövqe nümayiş etdiriblər. Paşinyanın sözlərinə görə, hakimiyyət qarşısında duran əsas vəzifələrdən biri həmin sistemin tamamilə aradan qaldırılmasıdır və bu istiqamətdə qəti addımlar atılacaq.

Paşinyanın bu sərt açıqlamalarının Ermənistanın daxili siyasi mübarizəsində yeni mərhələnin başlanğıcı olub-olmayacağı ilə bağlı Bizimyol.info-nun suallarını siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu cavablandırıb.

Politoloq bildirib ki, Paşinyanın əsas rəqibləri onu Qarabağ məsələsində zəiflik göstərməkdə və Ermənistanın maraqlarını satmaqda ittiham edirdilər. Paşinyan isə reallıqları nəzərə alaraq Qarabağ məsələsinin birdəfəlik bağlanmasının vacibliyini vurğulayırdı və əks halda Ermənistanın ciddi problemlərlə üzləşə biləcəyini qeyd edirdi.

“Əslində Paşinyanın səsləndirdiyi fikirlər bu gün Cənubi Qafqazda formalaşmış siyasi reallıqlara uyğundur. Azərbaycan öz torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünü təmin edib və bütün əraziləri üzərində suverenliyini tam şəkildə bərpa edib. Eyni zamanda sülh gündəliyini irəli sürür. Paşinyan yaxşı anlayır ki, bu gün Azərbaycanla Ermənistanın potensialını müqayisə etmək mümkün deyil. Bu səbəbdən Azərbaycana qarşı istənilən hərbi və ya təxribat xarakterli addım Ermənistan üçün ağır nəticələr doğura bilər. O, seçki kampaniyası boyunca bu mesajları müxtəlif formalarda seçicilərə çatdırmağa çalışırdı.

Paşinyan hesab edirdi ki, rəqibləri hakimiyyətə gəlsəydi və revanşist mövqedən çıxış etsəydilər, yeni müharibə qaçılmaz olardı”, – deyə politoloq vurğulayıb.

Elşad Mirbəşiroğlunun fikrincə, Paşinyanın opponentləri həqiqətən də revanşist mövqedən çıxış edirdilər və baş nazirin “müharibə partiyası” ifadəsi məhz buna hesablanıb. O xatırladıb ki, seçki kampaniyasının son günlərində Paşinyan bəzi siyasi qüvvələrə qarşı ciddi mübarizə aparacağının anonsunu vermiş, hətta Ermənistanda bir sıra həbslərə də start verilmişdi.

Politoloqun qənaətinə görə, Paşinyan yeni səlahiyyət müddətində “Güclü Ermənistan”, “Ermənistan” və “Çiçəklənən Ermənistan” partiyalarına qarşı daha sərt mövqe nümayiş etdirəcək. Onun sözlərinə görə, Ermənistanda siyasi mübarizə tarixən təzyiq və sərt qarşıdurmalarla müşayiət olunub və Paşinyan da bu praktikadan istifadə edən siyasətçilərdən biridir.

“Bununla yanaşı, Paşinyan Qərb institutlarından da ciddi dəstək alır. Yeni səlahiyyət müddətində onun rəqibləri də baş nazirə qarşı çıxış edə biləcək qüvvələri bir araya gətirməyə çalışacaqlar. Ermənistanda seçki prosesi yalnız səsvermə ilə yekunlaşmır. Müxalifət digər vasitələrlə də Paşinyana qarşı mübarizə aparmağa çalışacaq. Baş nazir bunun fərqindədir və buna görə də preventiv addımlar atmağa üstünlük verəcək.

Paşinyanla onun rəqibləri arasında siyasi qarşıdurma hələ bir müddət davam edəcək. Baş nazir bu mübarizədə əlində olan bütün siyasi və institusional rıçaqlardan istifadə etməyə çalışacaq”, – deyə Elşad Mirbəşiroğlu qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »