Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Rusiyanın regionda yeni hərbi planlar hazırladığını iddia edərək Tbilisinin təcili şəkildə Türkiyə və Azərbaycanla müdafiə müqaviləsi imzalamasını təklif edib.
Keçmiş prezident mümkün Rusiya–Ermənistan qarşıdurmasından sonra Gürcüstanın da ciddi təhlükəsizlik riskləri ilə üzləşə biləcəyini bildirib.
Lakin ekspertlər bu ssenarilərin reallıq ehtimalı və mümkün nəticələri barədə fərqli mövqelər ortaya qoyurlar.
- Saakaşvilinin xəbərdarlıqları nə dərəcədə realdır və Gürcüstanın Türkiyə və Azərbaycanla yaxınlaşması Cənubi Qafqazda yeni geosiyasi risklər yarada bilərmi?
Hüsamettin İnaçTürk politoloq Hüsamettin İnaç Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Rusiyanın bölgədə yeni hərbi planlar hazırladığı və Tbilisinin təcili olaraq Türkiyə və Azərbaycanla müqavilə imzalaması ilə bağlı açıqlaması olduqca yerində bir addımdır.
“Çünki aldığımız məlumatlar və şayiələrin də göstərdiyi kimi, Rusiya Cənubi Qafqazda qətiyyən sabitlik və sülh mühiti istəmir. Bunun ən böyük səbəbi həm Azərbaycanın, həm də Ermənistanın Rusiyadan ciddi şəkildə uzaqlaşmasıdır.
Hamımızın yaxşı xatırladığı kimi, bu yaxınlarda Azərbaycan təyyarəsinin vurulması və sonradan Moskvada Azərbaycan diasporunun təmizlənməsi, oradakı iş adamlarının işdən çıxarılması və azərbaycanlıların vəzifələrindən qovulması Azərbaycan dövlətində və cəmiyyətində ciddi bir travmaya səbəb oldu”, – deyə politoloq bildirib.
Onun sözlərinə görə, xüsusilə 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistanın Rusiya ilə tərəf müqabil olmaqdan imtina etməsi ilə başlayan uzaqlaşma və məsafə bu gün daha da artmış kimi görünür.
“Xüsusilə Paşinyan son Avrasiya İqtisadi Birliyinin iclasında iştirak etmədi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı üzvlüyünü də dayandırdı. Bütün bunlardan əlavə, ötən həftə İrəvanda Avropa Siyasi Birliyinin 45 ölkəsinin görüşü tarixdə əhəmiyyətli bir hadisəyə çevrildi və Rusiyada həyəcan təbili çaldı. Bütün bunları bir yerə topladıqda görürük ki, həm Azərbaycan, həm də Ermənistan sürətlə Rusiyadan uzaqlaşır və Avropa Birliyi və Amerikaya yaxınlaşır”, – deyə politoloq qeyd edib.
Politoloq bildirib ki, ötən il avqustun 8-də Vaşinqtonda keçirilən razılaşma və görüş nəticəsində “Tramp yolu”nun açılması Rusiyanı xüsusilə narahat edib. Onun sözlərinə görə, bu da Rusiyanın hər iki ölkədən uzaqlaşmasına səbəb olub.
“Rusiya Cənubi Qafqazı özünün ən zəif nöqtəsi, ən həssas bölgəsi kimi görür və bu bölgəni təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Buna görə də hər iki ölkənin Rusiyadan uzaqlaşmasının yaratdığı təhlükənin ciddi problemlər yaradacağını başa düşməliyik”, – deyə o əlavə edib.
İnaç deyib ki, Gürcüstan "rəngli inqilab"lar, xüsusən 2004 və 2008-ci illərdə baş verən proseslər nəticəsində Rusiyadan, əsasən, uzaqlaşıb.
“Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin işğalı davam edir. Bu reallıq fonunda Cənubi Qafqaz ölkəsi olaraq Gürcüstanın Ermənistan və Azərbaycanla bir araya gəlməsi olduqca normaldır. Lakin ən böyük problem “Gürcü Arzusu” partiyasının tamamilə Rusiyapərəst olması və əhalinin Avropa Birliyinə ciddi meyl etməsidir. Bu mənada siyasi qarışıqlıq dövrü mümkündür, amma inanıram ki, bunun öhdəsindən gəlmək olar”, – deyə politoloq vurğulayıb.
O əlavə edib ki, Gürcüstanın Rusiyadan uzaqlaşması Ermənistan və Azərbaycanın öz təhlükəsizlik arxitekturalarını qurmasına, ticarət layihələrini inkişaf etdirməsinə və Orta Dəhlizin canlanmasına töhfə verəcək.
“Gürcüstanın həm Ermənistan, həm də Türkiyə ilə çox güclü münasibətləri var. Buna görə də bu münasibətlər daha da təşviq edilməli, Cənubi Qafqaz ölkələrinin öz müstəqil və unikal strukturlarını formalaşdırması üçün bütün səylər dəstəklənməlidir”, – deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info






