Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda seçkilər: Azərbaycana təşəkkür məktubları
Ermənistanda seçkilər: Azərbaycana təşəkkür məktubları

Ermənistanda parlament seçkisi bitdi, nəticələ artıq məlumdur. Hazırkı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" inamlı qələbə qazandı. Hələ təsdiqlənməmiş də olsa, səsvermənin nəticələri deməyə əsas verir ki, Nikol Paşinyanın partiyası yeni hökuməti də təkbaşına formalaşdıra biləcək. Artıq məlumdur ki, VM səslərin 50 faizindən çoxunu toplayıb. Baryeri keçə bilməyən partiyaların da səsləri bölünəndə, bu göstərici artacaq.

Amma, ilkin nəticələrə baxsaq, Nikol Paşinyanın partiyası 2021-ci il seçkilərindən sonra xeyli səs itirib. Əvəzində iş adamı Samvel Karapetyanın yeni yaranmış "Güclü Ermənistan" alyansı seçkidə 23-24 faiz arasında səs alıb. Karapetyan da Rusiyapərəst siyasi fiqurlardandır.

Bu seçkinin Azərbaycan və Ermənistan cəmiyyətləri üçün iki çox mühüm nəticəsi var. Birincisi odur ki, Ermənistanda Nikol Paşinyanın və partiyasının simasında Azərbaycanla sülh və Türkiyə ilə normallaşna tərəfdarları qələbə qazanıb. Paşinyanın seçkidən sonra ilk bəyanatı da bunu bir daha təsdiqlədi.

İkinci mühüm nəticə odur ki, Ermənistanda müxalifət yenə də Rusiyapərəst qüvvələrdir: Rusiya keçmiş prezident Robert Köçəryanı Samvel Karapetyanla əvəzləsə də, Ermənistanda oyuncaq rejim qurmağa nail olmadı - Moldova variantı təkrar olundu. Moskvanın Ermənistanda siyasi çevriliş cəhdi hətta yeni siyasi qüvvəi ilə, yeni siyasi fiqur ilə belə uğursuz oldu. Amma Rusiyanın burada tamamilə uduzduğunu da demək olmaz: Nikol Paşinyana qarşı Rusiyayönlü müxalifətin ən azı 30-35 faizlik bir tabanı qalır. Ancaq Azərbaycanla sülhə münasibət məsələsinə gəlincə, "Güclü Ermənistan" Robert Köçəryanın "Ermənistan" blokundan fərqli olaraq, "müharibə partiyası" pozu vermir. Karapetyan Azərbaycanla sülhə prinsipcə qarşı çıxmır, sadəcə, Paşinyanın çox güzəştli mövqe tutduğunu tənqid edir.

Burada diqqət çəkən əsas məqam belədir: 2026-cı il seçkisi Robert Köçəryanın və Serj Sarqsyanın simasında Ermənistan siyasətində kök salmış məlum (məlun!) "Qarabağ" klanına öldürücü zərbə vurdu. Sarqsyan biabırcasına uduzacağını, hətta baryeri keçə bilməyəcəyini əvvəlcədən bildiyi üçün, ümumiyyətlə, seçkiyə qatılmadı (onun "Respublika" partiyası passiv boykot yolunu tutdu). Robert Köçəryan isə seçkidə qələbə qazanacağını, Paşinyanı hakimiyyətdən endirəcəyini vəd etsə də, onun bloku nəinki birinci yer tutdu, əksinə ikinci yeri də itirdi.

Beləliklə, "müharibə partiyası"nın rüsvayçı qələbəsi Ermənistan siyasətində bir zaman həlledici, sonrakı dövrdə də təsirli olmuş "Qarabağ" kartını da dövriyyədən, demək olar, tam çıxarıb. Artıq bu kartla güclənib Ermənistanda nəinki hakimiyyətə gəlmək, hətta müxakifətdə güclü qalmaq da mümkün olmur.

Bu, məsələnin bir tərəfidir. İkinci tərəfdən, Azərbaycan artıq Cənubi Qafqazdakı siyasi proseslərdə həlledici faktora çevrilib. Bu, daha əvvəl Gürcüstandakı parlament seçkilərində də müşahidə olundu. Azərbaycanla strateji tərəfdaşlıq, eləcə də, bu ölkədəki Azərbaycanlılar mühüm amillər olaraq nəzərə alındı. Gürcüstan seçicisi öz parlamentini (yəni həm də hökumətini) seçərkən, Azərbaycanla münasibətlərin davam etməsinə və daha da irəliləməsinə səs verdi. Eyni hal bu dəfə Ermənistanda da yaşandı. Beləliklə, Azərbaycan dövləti Cənubi Qafqazda (hətta bütövlükdə Qafqazda) təkcə iqtisadi lokomotiv deyil, həm də siyasi stabilizator rolunu ortaya qoydu. Bunu daha aydın izah edək: əvvəllər Cənubi Qafqaz ölkələrində, xüsusilə, Ermənistanda siyasi proseslər Azərbaycansız, hətta Azərbaycan əleyhinə gedirdisə, hakimiyyətlər Azərbaycana qarşı formalaşırdısa, indi artıq əks proses var.

Doğrudur, Azərbaycan heç bir dövlətin, o cümlədən, qonşu ölkələrin daxili işlərinə müdaxilə etmir, özünə qarşı da eyni davranışa imkan vermir. Ancaq özündən də asılı olmadan bu və ya başqa ölkədə müəyyənləşdirici faktora - bu və ya başqa ölkənin cəmiyyəti üçün yön tutulacaq vektora çevrilir. Ermənistanda da yüksək seçici fəallığı ilə keçən son seçkidə də seçicilərin yarıdan çoxu müharibənin, Rusiyadan vassal asılılığının əleyhinə, Qərbə inteqrasiyanın lehinə səs verməklə yanaşı, Azərbaycanla və Türkiyə ilə gələcək dinc qonşuluq və tərəfdaşlıq perspemtivlərinə dəstək verdilər. Ermənistan seçicisi bununla dalaşqan, dağldıcı keçmişi deyil, dinc və qurucu gələcəyi seçmiş oldu. Biz əvvəlki yazılarımızdan birində yazdığımız kimi: Azərbaycan 2020-ci illərin əvvəllərində təkcə öz torpaqlarını işğaldan azad etməyib, həm də Ermənistanın özünü azad edib, bu cəmiyyətə xilas yolunu - müstəqil dövlət kimi inkişaf etməyin qapısını açıb.

Odur ki, Ermənistanda seçki qutularına sülhün xeyrinə atılan hər səs həm də Azərbaycan dövlətinə təşəkkür məktubudur.

Ermənistandakı bu seçkilər, sadəcə, deputat seçkisi, hökumət seçkisi deyil, tale seçimi, yol seçimi idi. İndi bundan sonrası bura qədərki qədər, bəlkə də daha çox əhəmiyyətli olacaq.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, Bizimyol.info
Son xəbərlər
Bütün xəbərlər »