Bilirəm, toxunduğum mövzu çox həssasdır. Amma insan hisslərini qələmə almadan dayana bilmir. Ötən gün gündəmə bir xəbər düşdü.
Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində, “Şuşa şəhərciyi”ndə qətl hadisəsi baş verib. 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqlayaraq öldürüb və saxlanılıb.
Adıgözəl Məmmədov 44 günlük Vətən müharibəsi şəhidi Səxavət Məmmədovun atasıdır, qətlə yetirilən qadın isə şəhidin həyat yoldaşıdır.
Yəni şəhidin xanımı, şəhidin atası tərəfindən qətlə yetirilib.
Hadisənin binanın liftində baş verdiyi bildirilir. Qayınata gəlini çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib və qızın atasının dediyinə görə, hadisədən sonra onun bank kartlarını götürərək ərazidən uzaqlaşıb.
Qayınana mətbuata açıqlamasında gəlinin “düz yolda olmadığını” bildirib.
Sual yaranır: “düz yol” anlayışı nədir, kim tərəfindən və hansı meyarlara görə müəyyən edilir?
Qanunvericiliyə görə, uşaqların atası həyatda deyilsə, onların anası ilə yaşaması əsas prinsipdir. Bəzi istisnalar — xəstəlik və ya digər ciddi səbəblər — nəzərə alınmaqla bu qayda tətbiq olunur.
Sözügedən hadisədə isə qadın əvvəl qaynanası və iki övladı ilə birlikdə yaşayırdı. İstəsəydi, uşaqları ilə ayrıca da yaşaya bilərdi və heç kimin onların həyatına bu şəkildə müdaxilə etmək haqqı yox idi.
Hadisədən sonra cinayətə “namus cinayəti” donunun geyindirilməsi isə ayrıca bir problemdir. Çünki belə yanaşma çox vaxt cinayətə bəraət qazandırmaq kimi qəbul olunur vəcəmiyyətdə yanlış təsəvvürlər yaradır.
Kənardan baxanda çox acı bir mənzərə görünür: gənc bir qadın 6 il əvvəl şəhid olmuş həyat yoldaşının atasının əlindən həyatını itirib. Bu, təkcə bir ailə faciəsi deyil, eyni zamanda çox ağır bir sosial yaradır.
Oxşar hadisələrlə bağlı əvvəllər də rastlaşmışam. 2016-cı ildə şəhid olmuş pilotlardan birinin həyat yoldaşı ilə hazırladığım müsahibədən sonra, şəhidin anası redaksiyaya gələrək narazılıq etmiş, hətta mənə qarşı sərt reaksiya göstərmişdi. Demişdi ki, “ elə sən də mənim gəlinim kimi əxlaqsızsan”…Söhbət o zaman da malk-mülk davası idi. Gəlin dövlətin şəhidə verdiyi evdə yaşayırdı…
O zaman susmuşdum — çünki o anaya deyil, şəhidə hörmət edirdim.
Bu gün yenə eyni vəziyyətdir.
Önəmli olan isə iki uşaqdır.
İki körpə uşağın gələcəyi bu yükü necə daşıyacaq? Sabah onların qarşısına çıxan reallıqlar, deyilən sözlər, atılan ittihamlar onların həyatında necə iz buraxacaq?
Sabah o uşaqlar cəmiyyət arasında başıaşağı olmayacaqlarmı? Bunu qaynana düşündümü?
Bu sualların cavabını yalnız zaman verəcək.
Cinayətkar isə heç bir halda cəzasız qalmamalıdır.
İradə Cəlil, Bizimyol.info






