Nikol Paşinyanin təşviqat mitinqində Qarabağ münaqişəsi ilə bağlı əvvəlki mövqeyindən imtina etdiyini və “Artsax Ermənistandır” kimi şüarların yanlış olduğunu düşünür.
O, çıxışında bu ideyanın Ermənistanı uzun illər münaqişəyə sürüklədiyini və indi ölkənin sülh və dövlətçilik baxımından daha sabit mərhələyə keçdiyini vurğulayıb. Paşinyanın sözlərinə görə, “Qarabağ hərəkatı”nın davamı daha böyük itkilərə səbəb ola bilərdi və hazırkı siyasət Ermənistanın təhlükəsizliyini gücləndirib.
- Bu çıxış Ermənistan cəmiyyətində və region siyasətində hansı reaksiyalara səbəb ola bilər?
Milli Məclisin deputatı Elşad Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanda seçki marafonu sona yaxınlaşır və orada partiya liderlərinin fərqli münasibəti var.
Ermənistan–Azərbaycan məsələlərinə, Qarabağa baxışda və digər məsələlərdə fərqli yanaşmalar mövcuddur.
Paşinyan digərlərindən daha realist mövqe ilə seçilir. Belə ki, açıq şəkildə bəyan edir ki, “Artsax Ermənistandır” şüarı yanlış olub və o şüardan imtina edilib: “Bunu açıq şəkildə, seçkiqabağı görüşlərdə deyir və bildirir ki, indiki real Ermənistanı qoruyub saxlamaq bizim borcumuzdur. Yəni onların təqdim etdiyi xəritələrdə də Qarabağ artıq yer almır. Bu, erməni cəmiyyətində müəyyən mənada bölünmələrin olduğunu göstərir.
Əvvəllər Ermənistan cəmiyyətinin böyük bir hissəsi “Qarabağ –miastsum” şüarı ilə zəhərlənmişdi və arxalarında da müəyyən güclər vardı. Bunun vasitəsilə də Azərbaycan əraziləri işğal olunmuşdu. Lakin 44 günlük müharibə və ondan sonra keçirilən antiterror əməliyyatı ilə vəziyyət yerinə qoyuldu” –deyən deputat bildirilib ki, bu səbəbdən də Ermənistan cəmiyyətində artıq fərqli mövqelər formalaşıb və ermənilər də reallığı daha açıq şəkildə dərk edirlər.
Azərbaycana qarşı yenidən köhnə siyasətə qayıdılacağı təqdirdə ciddi nəticələrlə üzləşə biləcəklərini anlayırlar.
Bilirlər ki, Azərbaycan ordusu düz İrəvana qədər gedəcək. Ermənistan da öz dövlətçiliyini itirəcək.
Deputatın fikrincə, bu reallıq seçkilərə də müəyyən dərəcədə təsir edir.
Çünki Ermənistanın keçmiş hakimiyyətində olan qüvvələri — Koçaryan, Sarkisyan və Rusiyaya yaxın digər siyasi fiqurlar Karapetyan — vəziyyətdən istifadə etməyə çalışır, fərqli mövqe ortaya qoyurlar. Paşinyanı isə “satqın”, “xain”, “Qarabağı verən” kimi təqdim edirlər. Təbii ki, bu da ictimai rəyə müəyyən təsir göstərir.
Deputat bildirib ki, Rusiya da açıq şəkildə Paşinyana təzyiq göstərir və Ermənistanda seçkilərə müdaxilə etməyə çalışır. Müxtəlif vasitələrlə, o cümlədən Rusiyada yaşayan ermənilərin seçki prosesinə cəlb edilməsi və onlara səsvermə imkanlarının genişləndirilməsi kimi addımlar buna misal göstərilir.
Elşad Musayev hesab edir ki, Paşinyanın əlində daha böyük imkanlar və resurslar var: “Həm Paşinyanın Koçaryan, Sarkisyan kimi korrupsiyada adı hallanmayı. Eyni zamanda o, həm Qərblə əlaqələrini gücləndirib, həm də qonşu ölkələrlə münasibətləri normallaşdırmağa çalışır və qismən buna nail olub. Ərdoğanla olan telefon danışığı da bu baxımdan mühüm əhəmiyyət daşıyır”.
Deputat hesab edir ki, bu seçkilərdə Paşinyan qalib gələcək. Yəni Ermənistanda Paşinyanın qalib gəlməsi ehtimalı yüksəkdir. Söhbət onun tam təkbaşına qalib gəlməsindən gedir, yoxsa koalisiya variantı da mümkündür. Amma ümumi qiymətləndirməyə görə, Paşinyanın xeyli səs fərqi ilə qalib gələcəyi ehtimal edilir.
İradə Cəlil, Bizimyol.info






