ABŞ və İran arasında gərginliyi azaltmaq üçün dörd mərhələli müvəqqəti razılaşmanın razılaşdırılmağa yaxın olduğu bildirilir.
Bu plan atəşkəsin möhkəmləndirilməsi, dəniz təhlükəsizliyi, sanksiyaların yumşaldılması və nüvə proqramı üzrə danışıqları əhatə edir.
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dörd mərhələli danışıqlar məsələsində göstərilən bütün müddəalar əslində belə danışıqların əsas mövzularını təşkil edir.
Onun sözlərinə görə, birinci məsələ atəşkəs rejiminin davam etdirilməsi və onun möhkəmləndirilməsidir. Bu, faktiki olaraq tərəflər arasında əldə olunmuş razılaşmanın uzadılması deməkdir. Məlumatlara görə, atəşkəsin daha 60 gün uzadılması nəzərdə tutula bilər.
İkinci məsələ Hörmüz boğazının açılması, bu boğazda naviqasiyanın müharibədən əvvəlki vəziyyətə qaytarılması və bunun bir ay müddətində təmin olunması ilə bağlıdır.
Bundan əlavə, sanksiyaların yumşaldılması və İranın dondurulmuş vəsaitlərinin bir hissəsinin qaytarılması da müzakirə mövzusudur. ABŞ tərəfi İran qarşısında şərt qoyur ki, əgər Tehran danışıqlarda konstruktiv mövqe nümayiş etdirərsə, Hörmüz boğazında sərbəst gəmiçilik və naviqasiya rejimi bərpa olunarsa, həmçinin İran nüvə proqramı ilə bağlı danışıqlarda konstruktiv davranaraq zənginləşdirilmiş uranın ya İran ərazisində saxlanılması, ya üçüncü ölkəyə çıxarılması, ya da utilizasiyası ilə bağlı razılıq verərsə və gələcəkdə nüvə silahına malik olmamaq öhdəliyini götürərsə, o zaman sanksiyalar müəyyən qədər yumşaldıla və dondurulmuş vəsaitlərin bir hissəsi qaytarıla bilər.
Nüvə proqramına gəldikdə isə əsas problemlərdən biri məhz budur. İran tərəfi nüvə silahı əldə etmək istəmədiyini bəyan etsə də, hazırda onun əlində təxminən 440 kq zənginləşdirilmiş uran mövcuddur ki, bu da nüvə silahının hazırlanması üçün qısa müddət kifayət edə biləcək potensial yaradır. Buna görə də bu məsələ ciddi müzakirə predmetidir.
Digər tərəfdən, ABŞ beynəlxalq nəzarət çərçivəsində İranın dinc nüvə proqramına prinsip etibarilə etiraz etmir.
Ümumilikdə isə, politoloqun fikrincə, sanksiyalar və nüvə proqramı məsələləri bir-biri ilə sıx bağlı olduğuna görə daha çətin müzakirə edilən maddələr sayılır. Bununla belə, Konqresin qəbul etdiyi qərar onu göstərir ki, ABŞ-da müəyyən siyasi dairələr müharibənin davamından çox dialoqa üstünlük verirlər. Bu isə İran–ABŞ danışıqları üçün əlavə stimul yarada bilər.
İradə Cəlil, Bizimyol.info






