Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hüseyn Abdullayev işi: anasından humanist yanaşma çağırışı
Hüseyn Abdullayev işi: anasından humanist yanaşma çağırışı

Keçmiş deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayevanın səlahiyyətli nümayəndəsi Rəşad Quliyev deputatın anasının müraciətini media nümayəndələrinin diqqətinə çatdırıb.

Zeynəb Abdullayeva müraciətində bildirib ki, ölkə hüdudlarından kənara çıxışına qoyulmuş məhdudiyyətlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə edilən müraciət üzrə onun xeyrinə qəbul olunmuş qərardan istifadə etmək niyyətində deyil və həmin qərardan imtina edir.

O, həmçinin qeyd edib ki, oğlu Hüseyn Abdullayev Azərbaycan dövlətinə, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursa sadiq olduqlarını bildirir, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyirlər.

Zeynəb Abdullayeva vurğulayıb ki, onun yeganə arzusu oğlu Hüseyn Abdullayevin səhhətində yaranmış problemlərin nəzərə alınması və ona humanist yanaşmanın göstərilməsidir.

Səlahiyyətli nümayəndə Rəşad Quliyev Bizimyol.info xəbər portalına bildirib ki, məsələ ilə bağlı 5-6 il əvvəl Avropa Məhkəməsinə müraciət edilib və artıq qərar qəbul olunub. Onun sözlərinə görə, Zeynəb xanım qərardan imtina edir və yalnız dövlətin və Prezidentin qərarına güvəndiyini bildirir.

Xatırladaq ki, keçmiş deputat Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. Onun barəsində vergidən yayınma və digər iqtisadi xarakterli cinayət ittihamları üzrə istintaq aparılıb.

Hüseyn Abdullayev 2018-ci ilin aprelindən həbsdədir, əvvəl 6 il azadlıqdan məhrum edilib, 2024-cü ildə isə onun barəsində yenidən cinayət işi başlanaraq 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Avropa İnsan Hüquqları Məhkəməsi Hüseyn Abdullayevin anası Zeynəb Abdullayevanın şikayəti əsasında Azərbaycana qarşı qərar çıxarıb və ölkədən çıxışına qoyulan qadağa ilə bağlı Azərbaycan hökumətinin 3000 avro maddi ziyan və 500 avro məhkəmə xərci ödəməsinə qərar verib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »