“Azərbaycanın uğurlu enerji siyasəti ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. Ölkəmizin neft və qaz sektorunun sürətli inkişafı onun iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsini təmin edib. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir. Bu layihələr ölkələri, xalqları bir araya gətirir, yeni körpülərin qurulmasına yol açır. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu illər keçdikcə daha da artır. Enerji resurslarının nəqli marşrutlarının şaxələndirilməsi ölkəmizin geosiyasi güc amilini və geosiyasi nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Ölkəmizin zəngin enerji ehtiyatları, etibarlı tərəfdaş imici, həyata keçirdiyi iri beynəlxalq layihələr və uzunmüddətli strateji yanaşması Azərbaycanı qlobal enerji xəritəsində əsas aktorlardan birinə çevirib. “Əsrin müqaviləsi” ilə başlayan neft strategiyası ölkəyə xarici sərmayələrin cəlb olunmasını təmin etmiş, neft-qaz hasilatının artmasına və ixrac imkanlarının genişlənməsinə şərait yaratmışdır”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar Rəhimzadə danışıb.
O qeyd edib ki, Bakı Enerji Həftəsinin açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər həyata keçirilən enerji strategiyasının aydın mənzərəsini ortaya qoydu. Enerji sektoru ölkəmizin iqtisadi inkişafının əsas dayaqlarından biri olmaqla yanaşı, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində və regional əməkdaşlığın genişlənməsində vacib rol oynayır. Enerji daşıyıcılarının şaxələndirilmiş marşrutlarla dünya bazarlarına çatdırılması Azərbaycanın geosiyasi əhəmiyyətini artırıb.
Azərbaycanın enerji siyasətinin ən mühüm nəticələrindən biri də ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi olub. Enerji sektorundan əldə olunan maliyyə resursları Silahlı Qüvvələrin modernləşdirilməsi, müasir hərbi texnikaların alınması və müdafiə sənayesinin inkişafı üçün geniş imkanlar yaradıb.
Qalib ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, qüdrətinin artırılması üçün iqtisadi imkanlar əsasdır. Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində diqqəti bu məqama yönəldərək bildirdi ki, 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq: “Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub və kapitulyasiya aktını imzalamağa məcbur etdik. Əlbəttə, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir. Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz olmasaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı. Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər”.
Deputat qeyd edib ki, bu gün Azərbaycanın enerji siyasəti ölkəmizin sosial-iqtisadi inkişafında əldə olunan uğurların davamlılığını şərtləndirən əsas amillərdən biri kimi çıxış edir. Enerji resurslarından əldə edilən gəlirlər iqtisadi müstəqilliyin möhkəmlənməsinə, geniş infrastruktur layihələrinin həyata keçirilməsinə, sosial rifahın yüksəlməsinə və müdafiə potensialının gücləndirilməsinə imkan yaradıb.
İradə Cəlil, Bizimyol.info






