Rusiyanın Ermənistana qarşı iyun ayının əvvəlindən tətbiq etməyə başladığı iqtisadi məhdudiyyətlər və bəzi məhsulların idxalına qoyduğu qadağalar bölgədə gərginliyi artırıb. Bunun ardınca Avropa İttifaqının Ermənistanla təcili maliyyə və ticarət dəstəyi imkanlarını müzakirə etdiyi bildirilir. Söhbət Ermənistana Avropa bazarına daha geniş çıxış imkanı verə biləcək xüsusi ticarət mexanizmlərindən də gedir.
- Bu proses Ermənistanın Rusiya asılılığını azaldacaq, yoxsa ölkəni yeni bir geosiyasi asılılığa daha da yaxınlaşdıracaq?
Siyasi şərhçi Aqşin Kərimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan yeni regional və geosiyasi reallıqlardan irəli gələrək təhlükəsizlik və iqtisadiyyatın diversifikasiyası axtarışındadır. Ermənistanın yeni təhlükəsizlik tərəfdaşlıqlarını axtarmaq üçün Rusiya xəttindən uzaqlaşaraq Qərbə üz tutması təbii ki, Kreml dairələrində ciddi qəzəb yaradıb. Bu qəzəb tonu Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca Rusiyanın Ermənistana qarşı aparılan fəal təbliğat kampaniyası ilə özünü daha aydın büruzə verir. Ermənistan Avropa İttifaqına doğru yön aldıqca, Rusiyanın da bölgədəki maraqları, yəni imperativləri daha da Kreml nəzərində aktuallaşır. Çünki Rusiya hələ də istədiyi və yaxud da beynəlxalq ictimaiyyətə təbliğ etdiyi qələbəni təmin edə bilməyib. Rusiyanın ABŞ qarşısında hələ də bəzi acizlikləri görünməkdədir.
Siyasi şərhçinin fikrincə, belə olduğu təqdirdə Rusiya postsovet məkanında öz mövqelərini itirmək riski ilə üzləşib. Ona görə də Ermənistanı Rusiya son şans kimi əlində saxlamağı hədəfləyir və bu isə regiondakı reallıqların fonunda daha böyük bir geosiyasi qarşıdurma nöqtəsinə çevrilir. Ermənistanla Rusiyanın münasibətlərinin gələcəyi daha da qaranlıq görünür.
“Biz bunu həm Rusiyanın apardığı təbliğat kampaniyalarında, həm də Ermənistan rəsmi dairələrinin verdiyi açıqlamalarda perspektiv baxımından dəyərləndirə bilərik. Ancaq onu da qeyd etmək lazımdır ki, Rusiya Ermənistanda daha geniş bir iqtisadi bazaya malikdir.
Ermənistanın Rusiya asılılığından bir neçə ilə tamamilə qurtulacağı, təbii ki, ciddi suallar yaradır. Çünki Rusiyanın Ermənistanda həm qaz şirkətləri, həm də elektrik enerjisi sahəsində böyük səhmləri mövcuddur ki, bu da Ermənistanı Rusiyadan uzunmüddətli asılı edən bir vəziyyət yaradır”, – deyə o bildirib.
Aqşin Kərimovun fikrincə, Ermənistan iqtisadiyyatının asanlıqla Rusiyanın təsirindən qurtula biləcəyi zamanla bağlı olacaq hadisələr daha aydın göstərəcək. Onun sözlərinə görə, Rusiya bundan əlavə, Qərbin regionda maraqlarının böyüməsinə qarşı bir siyasəti həyata keçirməyə çalışır ki, burada da regional oyunçularla əlaqəli bəzi məsələlər də üzə çıxır.
“Azərbaycan Ermənistan üzərində öz siyasi təzyiq vasitələrini işə salaraq artıq Ermənistanın sülh gündəliyini rəsmi şəkildə məcbur edən bir siyasəti ortaya çıxarır. Azərbaycan-Ermənistan münasibətləri indi Bakının təqdim etdiyi prioritetlər əsasında Bakının irəli sürdüyü şərtlər əsasında inkişaf edir və bu, olduqca vacib bir məqamdır. Və başqa digər oyunçuların da bu prosesdə Azərbaycana dəstək olmalarına gətirib çıxarır. ABŞ-ın Azərbaycana dəstək olması, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi, Azərbaycanın Qərbdəki digər tərəfdaşları, o cümlədən Böyük Britaniya ilə münasibətlərdə tərəfdaşlıq prioritetləri bir sıra yeni mətləblərdən xəbər verir”, – deyən Aqşin Kərimov bildirib ki, bu, təbii ki, Azərbaycanın regionda oynadığı rolda onun tərəfdaşlıq siyahısının böyüməsi ilə bir sıra yeni üstünlüklər qazandırır. Ermənistan isə bu üstünlüklər fonunda özünü yeni sülh gündəliyinə doğru itələməyə məcburdur. Onun fikrincə, Ermənistanın başqa yolu qalmayıb və öz perspektivini, gələcəyini Azərbaycanla sülh gündəliyində görməkdədir.
“Bütün bunlar Rusiya, ABŞ ilə rəqabət fonunda da dəyərləndirəndə Rusiyanın regionda olan aqressiv siyasətini aydın təzahür etdirməsi Birləşmiş Ştatların regionda marağının daha da irəliyə getməsi ilə əlaqədardır. Belə olduğu təqdirdə Ermənistandakı parlament seçkiləri məsələnin yönünü müəyyənləşdirəcək axarını təyin edəcək əsas faktorlardan biri olacaq. Ancaq ümumilikdə iqtisadi mexanizmlərin nə qədər effektiv olacağı ilə əlaqədar bir sıra məsələlər açıq qalmaqdadır”, – deyə o əlavə edib.
Siyasi şərhçinin fikrincə, ümumiyyətlə Ermənistanın Rusiyanın iqtisadi təsirindən problematik görünür. Amma hər bir halda Ermənistanın yeni kurs götürməsi bir neçə onillik boyunca davam edəcək mübahisənin də əsasını qoyur. Kreml ilə İrəvan arasında bu mübahisənin kimin xeyrinə nəticələnəcəyi də əlavə problemli bir geosiyasi situasiya yaranacağına dair şübhələr formalaşdırır.
İradə Cəlil, Bizimyol.info






